Döşündə yayxanar dumanı-çəni,
Dərədə çeşmələr,daşlarda kəklik,
Dağların qoynunda insan məsgəni,
Zirvəyə qartalla-buludlar şərik.
Təkcə meyvələri məlhəmlik olmur,
Çəməni,çiçəyi çiy-çiy yeyilir,
Amma ki,dağlar da əbədi qalmır;
Qalanla yaşayır,köçənlə-gedir.
Ümidlər bəxş edər məğrur görkəmi,
Qütblərin yerini bildirər mamır,
Anasın özləmiş körpələr kimi,
Arandan qaçanlar dağa sığınır.
Başında hər cürə huylar, havalar,
Zirvədən qopan qar dərədə çaydı,
Bineyi-qədimdən zülmət kahalar
Dağların səfalı buzxanasıydı,
İzləri şəst ilə gedən zamanın
Qalar simasında qayanın, daşın,
Ahıl dağ adamı tay-tuşlarından
Ərk edib soruşmaz:”Neçədir yaşın?”
Hər şey buralarda həddini bilir,
Dağlar dünya kimi mükəmməldilər,
Çıxıb-getməlilər vaxtında gedir,
Qalanlar dünyanı tutub gedirlər…