Ömrüm uzandıqca səbrim gödəlir,
illəri qazanıb,yaş itirmişəm,
hərdən bir bayatı ağlıma gəlir-
misralar içinə baş itirmişəm.
Dərdlər mələyinin imanı hanı?,
elə bəla versin,tapım dərmanı!
bir yol verilirsə ömür-zamanı,
mən niyə bu qədər boş itirmişəm?
Ümidsiz əllərim qapılar döyüb,
tənbəllik ovcumda qabarlar yeyib,
qaşımı qayıran-gözdən eləyib,
görənlər gülüşüb-“Qaş itirmişəm”
Boğaza yığıram hərdən qələmi,
o vaxtlar yazardım gələndə dəmi,
indi,həsrətində gəzdiklərimi,
əhvalım olanda xoş-itirmişəm!
Arabir evimdə telefon çalır,
deyirlər-“Halini dost xəbər alır”,
gözəl soraqlardan quş kimi olur–
elə bil çiynimdən daş itirmişəm.
Toxta,Vahid ƏZİZ,yetişir vədə–
atayam,babayam,sayılan dədə!
göydən salınanlar buyrulmaz itə–
ovlarda o qədər quş itirmişəm!
Solan yanaqların şırımlarında
selləmə leysanlar,yaş itirmişəm…