Adı olmayan köç
Bir “daşın” da könlün aldım beləcə,
bağışladım min çiçəyə, bir gülə.
Bir zəlzələ titrətməsi, yüngül çat,
kədərli zil cəh – cəh, məhzun həzin meh,
bir işarə bəsdir ötə, bülbülə…
Bu da mövsüm sonu, üzü payıza,
gedir bütün yollar saralmış çölə.
Kimi nə üyütdü, kimi nə tapdı,
kimi nə yoğurdu, kimi nə yapdı?!
Yenə yazıq oldu sarı sünbülə…
Mən uçdum yuvadan, çöplərə yazıq,
külək uçuracaq, haraya gəldi!
Baş alıb gedirəm üzü Şimala,
əgər tuş gəlməsəm naşı ovçuya,
bəlkə bəxt deyilən bizə də güldü…
Bir payız köç gələr üzü şimaldan,
qayıdar geriyə qürbət durnası.
Başın göyə qaldır, bircə arzu tut,
bircə lələk istə adın üstündə,
Allaha pənah de, sonra, sonrası…
Aida Adıgözəl
16.06.2021