Yadımdaydı o baharın istisi,
Nəfəs almaq zaman qədər dar idi.
Otağımda siqaretin tüstüsü
Eh, yoxluğun necə də aşkar idi.
Pəncərəmdə neçə ayın toz qatı,
Şüşələrin gözü görmür küçəni.
Yaşayırdım bu zəhrimar həyatı,
Qədəh-qədəh bitirərək gecəni.
Yazıb, cırıb, tulladığım vərəqlər,
Döşəmədə tör-töküntü, zir-zibil.
O güzgüdən mənə baxan adamı,
Biri qəsdən öldürürdü elə bil.
Biri qəsdən yox edirdi günbəgün,
Ümüdləri əl üzmüşdü duadan.
Dağılırdı, tökülürdü büs-bütün,
Yıxılırdı öz içindən bu adam.
Yadımdaydı qərarsız addımların,
Hər sözünün arxasında bir nida.
Topladığın çantaların bir də ki,
Gözündəki iki damla əlvida.
Ah, dalınca necə çaxdı göy üzü,
Səpələndi küçəmizə yağışlar.
Getmə dedim, ay günəşim, gündüzüm,
Titrəyərək pıçıldadın, bağışla!
Ah, yağışlar izlərinə toxundu,
Qara bulud toran etdi gündüzü.
Ah, o səhər necə qəlbim sıxıldı,
Ah, dalınca necə çaxdı göy üzü…