Dozası ağır zəhərdi,
Kimsəsiz qalan şəhərdi,
Sözün bitdiyi bir yerdi…
Təklik…

Çiyindir baş qoyulmayan,
Günahdır heç yuyulmayan..
Son nəğmədir duyulmayan,
Təklik…

Su istəsən, od əndərər,
Sevə-sevə qəmləndirər..
Nə dinləyər, nə dindirər,
Təklik…

Əriməkdi çıraq kimi,
Qurumaqdı dodaq kimi,
Örtülməkdi varaq kimi,
Təklik…

Bölünməkdi, bölmək deyil,
Getmək deyil, gəlmək deyil..
Can verməkdi… ölmək deyil..,
Təklik…