Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, “Polis” qəzetinin redaktoru, polkovnik-leytenant Hafiz Təmirovun “Arzu ömrü uzatmır” adlı kitabı işıq üzü görüb.
AZƏRTAC verir ki, kitabda müəllifin yeni şeirləri ilə yanaşı, Vətənə, torpağa, sevgiyə, eləcə də Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş publisistik məqalələri yer alır.
Redaktoru 178 nömrəli tam orta məktəbin müəllimi Elnarə Nəbiyeva olan kitabın “Ön söz” müəllifi 100 nömrəli tam orta məktəbin müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Könül Səiddir.
Hafiz Təmirovun böyük yaradıcılıq təcrübəsi var. 2009-cu ildə istedadlı gənclər üçün nəzərdə tutulmuş Prezident təqaüdünə layiq görülən müəllifin “Sevgi dolu ürəyəm”, “Gözləmə nə vaxtsa qayıtmağımı”, “Atillaya məktub”, “Dərdimdən ölən dərdlərim”, “İşıq”, “Sevgi də bir Vətəndir” və “Xatirən var” kitabları oxucuların və sənət cameəsinin rəğbətini qazanıb.
Qeyd edək ki, Hafiz Təmirov Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Mənbə: https://azertag.az/