Sən gələndə
Payız yenə qızılı yarpaqları ilə gəlib
ömrümüzə
gözəl payız
nisgilli
qəmli payız…
Həkimdən qorxan
uşaq kimi boylanar göy üzündən günəş
sən gələndə…
Ruzi-bərəkətin, bar-bəhrən kimi
yağışın, küləyin də bol olar
şıltaq
ərköyün payız…
Öyrət mənə kədəri gizlətməyi
qəmə qalib gəlməyi
qızılı yarpağa dönüb qalib olmağı öyrət
qəmli könlümə…
Eh,gözəl payız, səndən sonra
Ağappaq qar yağacaq qara torpağa
Sonra yenə yaz gələcək
hər tərəf gül-çiçəyə bürünəcək
və sən hələ zamanını
gözləyəcək
səbrli olmağı öyrənəcəksən…
O yol
Bu yolun başlanğıcı
o yolun bitdiyi yerdi
o yol mənim gəldiyim
sənin getdiyin yerdi
biz o yolda qarşılaşmalıydıq
mən gəldim
sən getmədin
orda bir yol yoruldu
səni gözləməkdən
məni gözlətməkdən…