Sarışın payız
Qara buludlarla yaşmaqlandı günəş
yorğun göylərin
təri səpələndi yerə
etibarsız quşlar
günəşi axtarmağa getdi
qayğısız sərçələrin
səsi qarışdı
yağışın səsinə
sarışın payız
yenə küçədə dilənən uşağı
yırtıq ayaqqabılarından tanıdı…
Yorğun ağaclar
Ağacların yorulmağını
saralıb yerə düşən yarpaqlar daha yaxşı bilir
Bu payız günlərində
yarpaqlar tərk edir ağacları.
Yarpaqlar,
siz də müvəqqətisiniz ağacların həyatında,
sevgi kimi əbədi deyilsiniz.
Onlar sizi dünyaya gətirir,
bəsləyir, böyüdür,
Soyuğa dözə bilmirsiniz,
neyləyəsiniz?
Gedin, gedin,
Yaz gələndə gələrsiniz,
Ağaclar yenə dünyaya gətirəcək,
Böyüdəcək sizi,
ağaclar
soyuqda, istidə
nazınızla oynayarlar,
Həmişə sevərlər sizi
Ata, ana övladını sevən kimi…