ULDUZ TOPLA MƏNİM ÜÇÜN

Sən köksümdə doğan səhər,

Ulduz topla mənim üçün.

Taleyimi yazan qədər,

Ulduz topla mənim üçün.

***

Ruhum saran ayazından,

Yolun düşən qar izindən.

Dan sökməyən gündüzündən,

Ulduz topla mənim üçün.

***

Aydınlıqdan dumanlığa,

Hissə-hissə, bir anlığa.

Döndər özün qaranlığa,

Ulduz topla mənim üçün.

***

Baxma fələyin sözünə,

Düşmə bu dünya izinə.

Çıxar olsan göy üzünə,

Ulduz topla mənim üçün.

***

Kirpiyinin arasında,

Gözlərinin qarasında.

Ürəyinin parasında,

Ulduz topla mənim üçün.

DÜŞÜNDÜM

Bir illət düşündüm, indi dörd yanım,

Sənə yanğın olub, mənə bir dəniz.

İçdiyin sulara bulaşmış qanım,

Mən sənə caizəm, sən mənə vaiz.

***

Bir zillət düşündüm, qaranlığından,

Çırağım əlimdə qalmayıb yanıq.

Qaparsa üzümə dünya zülməti,

Gördüyüm ən gözəl işıqsan, işıq !

***

Bir həsrət düşündüm, misralarından,

Mənə kəlmə-kəlmə üzrü qalıbdır.

Sənə bir divanlıq şerim yanında,

Hər kəsin bir sətir ömrü qalıbdır.

SƏNİ UNUTMAQ İSTƏYƏN ZAMAN

Mənə dünya qədər kəsilir cəza,

Hər səni unutmaq istəyən zaman.

Nə qədər xoş anım edilir qəza,

Hər səni unutmaq istəyən zaman.

***

İgid ömrü oldu, sevdamın yaşı,

Qarşımda böyüdü bir səbir daşı.

Mənə qədərimin çatılır qaşı,

Hər səni unutmaq istəyən zaman.

***

Səmamda varlığın Günəş qədərdir,

Bəyaz göyərçindir, hür bir bəşərdir.

Tale ulduzumsa, birər-birərdir,

Hər səni unutmaq istəyən zaman.

***

Nə etdim ruhumdan alındı qisas?

Bu hal mənə qalan xeyirsiz miras.

Tanrı da geyinir siyah bir libas,

Hər səni unutmaq istəyən zaman.

***

Ey çinar qamətlim, sən əsərimsən,

Bəlkə yarım deyil, hey əsirimsən.

Bir ömür dönəcək ümid yerimsən,

Hər səni unutmaq istəyən zaman…

Mənbə: http://www.oxumeni.az/