This image has an empty alt attribute; its file name is Eli-rza-xelefli.jpg

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru 

AĞA LAÇINLI KÖRPÜSÜ

Ömürdən doymayan yanan baxışlar,

Son anda dünyaya sevgi bağışlar,

Sözümdə yeddi qat rəngə boyanar

Ağa Laçınlıdan gələn naxışlar.

“Alın yazısı”nın həzin kədəri,

Bir şair ömrünün qəza-qədəri…

Ağa Laçınlının “Gecə yuxusu”

Danışır “Uşaqlıq” xatirələri.

İldırım ötürən zirvələr başı,

Dözər tufanlara qayası, daşı.

Şair ürəyi də ağrı ötürən,

Kədər daşıyandı ömürü, yaşı.

Üz tutasan sözünə,

Danışasan düzünə.

Söz çığnaya divara,

Qələm gülə üzünə.

Bir durna qatarı yolu seçdimi,

Yolunu azdısa sonu heçdimi?..

Bir sual-şimşək də cavabsız qaldı,

Ömrün qovğalarda ötüb keçdimi?

“Meşə nəğməsi”ndə “Ana duyğusu”

“Sakitlik” içində “ümid” qoxusu.

“Torpağın gücü”nə öz məzarında

Danışar dərdini şair yuxusu.

Açılsa dağlara köçün düz yolu,

Köçün əyri yolu, köçün düz yolu.

Qəbrimin üstündə güllər bitərdi,

Keçsəydi sinəmdən köçün düz yolu.

Bu yerdə yaddaşın çağı söyləsin,

Zirvəsi dumanda, dağı söyləsin.

Açıb yaxasını dərdin, ağrının,

Bir Ağa Laçınlı ağı söyləsin.

Yağı yağmaladı ahunu sənin,

Abdallar dilində “Ya hu”nu sənin;

Yerisin qabağa Xələfli gəlsin,

Çəksin sinəsinə ahını sənin!

Yeri, dərdlərim, yeri,

Dönməz mərdlərim, yeri.

Dözdün dözülməz günə,

Üzü sərtlərim yeri.

Ömrüm, günüm Laçınsız,

Toy, düyünüm Laçınsız.

Gülmək mənə yaraşmır,

Ha öyünüm Laçınsız.

Canım, gözüm yanaydı,

Yazım, sözüm yanaydı.

Sinəmdə ocaq çatıb

Dərdə dözüm yanaydı.

Laçın yolu dolama,

Yeddi qatdı Dolama,

Canımda od qalanıb,

Sən gətirmə dolama.

Sahibsiz tacın ağlar,

Qardaşın, bacın ağlar,

Yurd yandı, yuva yandı,

Sar güllər, laçın ağlar.

Cansız, canlı çoxdu, gəl,

Tənə canda oxdu, gəl.

Dilimdən dara çəksən,

Bircə xoş söz yoxdu, gəl.

Dözüm çəkdi sınağa,

Ümid tutdu qınağa.

İllər baxmadı getdi

Kim nə deyər qonağa?

Bəxtim bağladı yolu,

Həsrət dağladı yolu.

Gözlərim baxa-baxa

Qəmim ağladı yolu.

Qədər haxdan bağlıdı,

Vardan, yoxdan bağlıdı;

Bu dağdan bir ov keçməz,

Bərə çoxdan bağlıdı.

Sözə öz qanını süzən ürəyim,

Min dərdə, ağrıya dözən ürəyim,

Dərdini deməyə kimsə tapmadı,

Dərdli ürəkləri gəzən ürəyim.

“İldırım ilk dəfə burda şaxıyır,

… İlk dəfə kəkliklər burda oxuyur”.

Ağa Laçınlıdan Kürdoğluya pay,

” İşıqlı”da işıq xalı toxuyur.

“Aşırımlar qarşısında” dayandım,

Çovğun tutdu, külək vurdu oyandım.

“Sevgimizlə sevindirək” sevəni,

Deyən ustadların oduna yandım.

Səyyahlıq kimsəyə gəlməsin asan,

Ovçuluq ov deyil duysan, anlasan.

“Səyyaham, ovçuyam” mənim özüm də

Gəzdiyim ölkələr sənsən, ey insan!

Əzəldən əyridi düz ilə dünya,

Bişirər yaranı duz ilə dünya.

Sözdü qorxu yeri, çəkəcək yeri,

Çətin ki, düzələ söz ilə dünya.

Əziz dostum , səndən qalan göynəyim,

Mənim yaddaş yerim, yaddaş köynəyim;

Səni də apardı həsrət küləyi

Dağların dərdini bəs kimə deyim?!