KÖNLÜM
Başladığım yolu yol eyləmədim,
Daş üstə düzülən şüşədi könlüm.
Gücüm yığılanı qol eyləmədim,-
Çarığa bağ olan köşədi könlüm.
Dağların qar döyən sinəsi açıq,–
Od qoyur düşmənə verərək acıq…
Hələ sevinclərim yarı– yarımçıq,
O tayla, bu tayla qoşadı könlüm.
Köhnə dəyirmanın ağ bənd yoludu,
Xaraba yurd olan bir kənd yoludu.
Kərkük, Borçalıdır, Dərbənd yoludu,
Çevir say, gör neçə guşədi könlüm.
Osman, qor eşirəm ocaq hisindən,
Yaxşılıq gözləmə pisin pisindən…
Köhnə ağrıları çırpıb üstündən,
Təzə ayaq açan Şuşadı könlüm.
Osman Fərmanoğlu