Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru
Mən Şuşaya gedirəm
Zəfər yolu çağırır, ruhum uçur yollara,
Aşıram neçə həddi, mən Şuşaya gedirəm.
Həsrətlərə od vurub, ayrılığı yandırıb,
Yıxıb divarı, səddi, mən Şuşaya gedirəm…
İnamımın ocağı küləkləndi, qor aldı,
Ümidimin köhləni şahə qalxdı, zor aldı…
Varlığım sahmanına tale payı var aldı,
Düzəldib bükük qəddi , mən Şuşaya gedirəm…
Pənah xan, İbrahim xan, ulu Natəvan səsi,
Ürəyimə, ruhuma içdim bu rəvan səsi,
Qəlbimə təpər verdi Qarabağın nəfəsi,
Yol açdı işıq cəddi, mən Şuşaya gedirəm…
Gordu baba əvəzi , Qurbani Diri də mən,
Xələf dağa can verib, yeriyən sirri də mən,
Su yoluna döndərib, gedənin biri də mən,
Tapdayıb izi, rəddi , mən Şuşaya gedirəm…
Sevincimi pay bölüm dedim bütün aləmə,
Gördüm bir səs deyir ki, yalan hay küy eləmə,
Xələflinin səsinə oyandım ki, sən demə,
Yuxuda keçib xətti, mən Şuşaya gedirəm…
19. 09. 2021.