Hərdən unuduram-nə qədər varam?
Gəlib-gedən huşum il qarışdırır,
Sönmüş köz altına maşa salıram-
İnciyir,eləcə kül qarışdırır.
Ömür gedə-gedə tiftiklənibdi,
İndi əlimdəki sapdı,iynədi,
Özünə qalsaydı-bulanmaq nədi?
Sellər çeşmələrə lil qarışdırır.
Dünyanın ən gözəl fəsli-baharı,
Bərəkət gətirər durna qatarı,
Bir yandan kəpənək,bir yandan arı-
gecələr yuxusun gül qarışdırır.
Ağlıma gəlməzdi bu cür qocalam;
Gecəni-gündüzlə qarışıq salam,
Duyanda,qələmlə düşmən olacam–
Məni özgələrlə el qarışdlrır.
Göylərdə əbədi mehman qalacam–
Bununçün sirlərin qorxuram açam,
Özüm öz başıma dəllək olacam;
Zalımlar telimə tel qarışdırır.
Gecələr gözümün yaşları göl-göl,
Daha rəngi gedib,lüt-üryandı tel,
Suları ləklərə ayıran da bel,
Məzar palçığın da bel qarışdırır.
Əllər körpü salar sellırin üstə,
Düşdüm çox qovğaya tellərin üstə,
Bir sona vurnuxur göllərin üstə-
Qürbətdə vurulan göl qarışdırır.
Göylər param-parça,yer bölüm-bölüm,
Viranə içində olumla-ölüm,
Bu dəfə nə dedi-incidin, gülüm?
Hərdən öz adımı dil qarışdırlr…