Söz oyununda
İçimə çəkilib daldalanmışam
Dəli duyğularım öz oyununda,
Təpədən dırnağa misralanmışam
Çarpışan fikirlər söz oyununda.
İntizarım bilmir nə hədd, nə hüdud,
Itir, güman itir, üzülür umud,
Yüklənən kirpiklər toqquşan bulud
Yaşlar qıraq gedir göz oyununda.
Sən qutsal sandığın kimində oyun,
Aşkarında oyun, sirrində oyun,
Ömrümüz illərin əlində oyun,
Özümüz taleyin boz oyununda.
Qısılıb bir küncə arxayınlığım
Boş ver,
müstəntiq,
o qədər önəmli deyil mənimçün
oğurlanan əşya,
o gün yaşadığım gərginliyin,
həyəcanın ziyanını hesabla.
Evimdən gedənlər nə sayılır ki,
ruhumdan gedənin yanında elə.
Tapdanıb evimin bakirəliyi,
yad nəfəs toxunub əşyalarıma,
evdə hər yerə,
qısılıb bir küncə arxayınlığım,
döşəməmdə ayaq izi,
kitab şkafımda yad əlin yeri çığırır,
o elm, o zəka yatırımında
pul-para axtarıb o nadan
o gün.
Oğurluğu qazanc bilir bu burda
şərəfə tamarzı qalır mənliyi,
ömrü oğurlanır həbsxanalarda,
vaxtı qarət olur,
illəri gedir,
arzuları puç olur orda.
Qazanc hesablayır götürdüyündən,
bundan gedənləri anlamırmı bu,
xəbəri yoxdurmu itirdiyindən?