“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü
Həyat bu qədər sadə…
Bu küçə də
Axırıncı vaqon kimi
Boşaltdı adamlarını.
Və bu gecə də
Qaranlıq qara kəlağayını
Saldı şəhərin boynuna.
Yol boyu uzanan gecə işıqları
Açdı gözlərini.
Külək deyinə-deyinə
Oyatdı yuxudan yarpaqları.
Yəni,
Həyat bu qədər sadə,
Həyat bu qədər təkrar.
Amma ürəyimdə
Təkrarlanmayan biri var.
Bütün güclü qadınlar bədbəxtdir
Qurduğun xəyallardan
Geriyə dönmək qədər
Çətin yol yoxdu bu dünyada.
Gözlərindən yıxılan göz yaşlarını
Yanağın da qaldıra bilmir.
Baxışların buz kəsilir.
Başını qaldırıb göyə baxırsan,
Göy üzündə sənin çarəsizliyinə
Qurbanlıq qoyun kimi bir ulduz kəsilir.
Qaralır dünyan, qaralır,
Həyatın göz qapaqlarının
Arası qədər daralır…
Bütün güclü qadınlar bədbəxtdir, bilirsinizmi?
İçindəki təkliyi heç kim görmür…