Taleyimi gözlərimdən oxu, bil,
İçimdəki qüssə-qəmi soruşma.
Niyə belə tez saraldı baharda,
Nəyə görə, yaşıl zəmi? Soruşma!
İndi daha dərddən-qəmdən gözüm tox,
Dərd quyusu çox dərindir, bəyim, çox,
O çağların dönməyinə ümid yox,
Getdi ömrün gözəl dəmi, soruşma.
Bəxt yoluma işığını salmadı,
Ağız büzdü, salam verdim, almadı,
Ürəyimdə tək biri də qalmadı,
Arzuların öldü cəmi, soruşma.
Rəvadırmı hər kim olsa, yarışsın?
Aynur gərək taleyiylə barışsın.
Qoy payızın leysanına qarışsın,
Gözlərimi tutan nəmi, soruşma.
Dəniz
Sular körpə kimi atılıb-düşür
ayın işığında.
Nağıl pıçıldayır dəniz qağayılara.
Bu sirli gecələrdə
dəniz başqa cür olur –
Ləpələr bir-birini əzizləyir,
öpür hey…
Üzür xəyallarım da
qoşulub qayıqlara…
Uzaqda bir şam yanır.
Bəlkə də, su pərisi məni qonaq çağırır
doğma bacılığıtək
öz dəniz vətəninə.
Bu sirli qaranlığı boğur hıçqırıqları
ağlayan buludların…