İstəmirəm bu yuxudan oyanım
Üzülübdür, nə əl qalıb, nə ətək,
Necə dözsün qarlı qışa bir çiçək.
Çıxıb getdin, məni qoydun tənha, tək,
Həsrətinə indi necə dayanım?!
Sənli günlər bir-birindən boyatda,
Unudulmaz, o yaddadır, bu yadda.
Səndən özgə kimim var ki, həyatda,
Bilirsənmi, təkcə sənsən həyanım?!
Gözlərimi bənzədərdin ülkərə,
İnanmırsan, yaddaşını silkələ.
Heç ürəyin sızlamırmı bir kərə?
Məni məndən gözəl bilib duyanım.
Qoy uyusun xatirələr, ayıltma,
Məni bir də nəfəsində bayıltma.
Daha gecdir, istəmirəm, qayıtma,
Məni qoyub başqasına uyanım.
Sanırdım ki, hər günümüz özəldir,
Baxdım, gördüm payız gəlib, xəzəldir.
Eşqin elə yuxu kimi gözəldir,
İstəmirəm, bu yuxudan oyanım.
*Ayrılığın sobasında yanmışam*
Qaralmışam, seçilmirəm kömürdən,
Məhəbbətin tavasında yanmışam.
Qışda məni dondurubdur qar-sazaq,
Yayın isti havasında yanmışam.
Həyatımda rahat ömür sürmədim,
Bir bağ saldım, meyvəsini dərmədim.
Sevdim, seçdim, səfasını görmədim,
Nakam eşqin cəfasında yanmışam.
Bu fələyin hiyləsinə aldanıb,
Əl uzatdım qanqallara, gül sanıb.
Mən bir eşqin həsrətiylə odlanıb,
Ayrılığın sobasında yanmışam.
Açılmayıb nə səhərim, nə danım,
Axıb gedib bir su kimi hey, qanım.
Elə dərdə tuş olub ki, bu canım,
Dərmanında, davasında yanmışam.
Harda olsam məhəbbətim seçilib,
Eşq yolunda şirin candan keçilib,
Yurdum-yuvam, ev-eşiyim kiçilib,
Sanki bir quş yuvasında yanmışam.
Nə gün doğar, nə də ki, dan sökülər,
Yerin dizi, Göyün beli bükülər.
Görmüşük ki, davada qan tökülər,
Mən bu sevgi davasında yanmışam.