Şəhid ömrü – örnək həyat
Şəhidlik ən ali məqamdır. Şəhid bilərəkdən, şüurlu şəkildə özünü millətinə və vətəninə qurban edən şəxsdir. Qürur duyuruq ki, bizim də ölkəmizdə özünü vətənə qurban edən və hər an qurban olmağa hazır olan oğullar var. Şuşa, eləcə də 30 ilə yaxındır, erməni işğalı altında olan torpaqlarımız məhz bu oğulların sayəsində öz azadlığına qovuşdu.
Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə və eləcə də yeniyetmələrə və şagirdlərimizə bir örnəkdir. Onların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin, xüsusən də biz müəllimlərin vətəndaşlıq borcudur. Dövlətimizin gələcək taleyini müəyyən edən bu günki uşaqlarda vətənpərvərlik hislərinin tərbiyəsi vacib və önəmlidir. Əlbəttə vətənpərvərlik hissi, azərbaycançılıq ideyası ilk öncə ailədən başlamalıdır. Biz müəlimlərin başlıca vəzifəsi şagirdlərdə vətənpərvərlik hislərini doğru tərəfə yönəltmək və daha da möhkəmləndirməkdir. Çünki vətənpərvərlik hissi olmayan insan nəinki vətənə, hətta öz ailəsinə belə heç bir halda faydalı ola bilməz. Hələ qədim zamanlardan yazıçıların, şairlərin əsərlərindən süzülüb gələn dövlətçilik ənənələrini, vətənpərvərlik hissini uşaqlara aşılamaq özü qürurvericidir. Salyan rayonunda doğulub-böyüyən və hazırda ölkəmizin ünlü şairlərindən olan Namiq Hacıheydərli “Gərək” adlı şeirində yazır:
İnsan ömrü qasırğada, tufanlarda keçsin gərək,
Hər vətəndaş bu dünyadan şəhid kimi köçsün gərək.
Şair bu misraları ilə şəhidliyin təkcə səngərdə olmadığını deyir və hər bir insanın bu dünyadan şəhid ucalığı ilə köçə biləcəyini aşılayır. Bundan ötrü hər kəs öz sahəsində vətəninə və millətinə ləyaqətlə xidmət etməlidir. Ömrünü halallıqla, yurdunun yüksəlişi uğrunda durmadan çalışmaqla başa vurmalıdır. Bu halda hər vətəndaş dünyadan şəhid kimi müqəddəs olaraq köç etmək şansı qazanır. Bu baxımdan bizim üçün ən yaxşı örnək vətənimiz uğrunda şəhid olan qəhrəmanlarımızın həyat yoludur.
Bu hisləri şagirlərə ötürə bilmək üçün gərək müəllim özü də vətənpərvərlik duyğularına malik olsun. Məktəbdə keçirilən bütün fənlər elmi biliklər verməklə yanaşı həm də şagirdlərin vətənpərvərlik ruhunda böyüməsinə xidmət edir. Bu baxımdan Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq mənim üzərimə də böyük bir vəzifə düşdüyünü yaxşı anlayıram. Şagirdlərə ədəbiyyatda ulu keçmişimizi əks etdirən əsərləri, yaxud, Azərbaycan dili fənnindən dil qaydalarını başa salmaqla yanaşı həm də vətən,vətəndaşlıq anlayışları haqqında məlumat verirəm. Bu gün məktəbimizdə hər bir sinfə ayrı-ayrı şəhidlərimizin adı verilib. İndi şagirdlərimiz çox böyük qürur hissi ilə şəhidlərimizin adına layiq olmağa çalışırlar. Bu gün onların əksəriyyəti hərbçi olmaq, əsgər olmaq arzusu ilə yaşayır. Onlar çox xoşbəxtdir, çünki bu günki şagirdlər müasir şanlı tarixin yalnız oxucusu deyil, həm də şahidləri və gərək olarsa, arxa cəbhənin kiçik qəhrəmanlarıdır. Məktəbdə keçirilən tədbirlərdə onların hər biri şəhidlərimiz və onların qəhrəmanlıqları haqqında şeir demək üçün can atırlar. Bəziləri hətta bu hissi qələmə alıb, özləri də şeirlər yazır. “Müəllim, mən şəhidlər haqqında şeir yazmışam, deyim?”, “Müəllim, mən şəhidlər haqqında inşa yazmışam, oxuyum?”- kimi şagirdlər tərəfindən bizə ünvanlanan suallarla tez-tez rastlaşırıq. Hətta bəziləri şeiri deyərkən göz yaşlarına belə hakim ola bilmir. Bütün bunların şahidi olmaq, şagirdləri vətəninə, millətinə, şəhidlərimizə sevgi ruhunda böyüdüyünü görmək bizim üçün izaholunmaz dərəcədə gözəl bir hissdir.
Nə mutlu belə oğulları olan yurda!
Nə mutlu belə oğulları böyüdən valideynə və tərbiyə edən müəllimə!
Arzu Çingizqızı
Salyan rayonu Pambıqkənd orta məktəbinin
Ana dili və ədəbiyyat müəllimi