KONTOMİNASİYA

Mən səni ürəyimdən çıxara bilmirəm,
amma ürəyim sənin evin də deyil,
oturub rahatca yaşaya biləsən.
Sənə bir ömür həsrət bağışladım ki,
sevgimizin göynərtisini
doyunca daşıya biləsən.
İndi neynəyim bu ürəyi mən
içində səninlə bağlı xatirələr
at oynadır!
Səni qismət alıb aparır əlimdən,
məni fələyin dəm tutduğu
həyat oynadır.
Özün yaxşı bilirsən, yerin hardadır,
deyirsən, aç ürəyini,
ya düşüb gedim,
ya əsirin olum.
Bilmədiyin bir şey var, gözəlim,
hər tərəfə addım ata bilirəm,
sənə tərəf bağlanıb yolum.
Qollarımın zəncirini qıraram,
ayağımın kündəsini sındıraram,
mən sənə ürəyimdə yer versəm də,
həyatımda yer verə bilmərəm.
Sənin yolunda ölümə gedərəm,
ancaq isti ocağını söndürüb,
el gözündə
yerə girə bilmərəm.
13.01.22

ÇIRPI HİSSLƏR

Gəl, yuxumuza haram qataq,
xəyallarımızın qolları üstə baş qoyub
ulduzlu bir gecənin yalmanına yataq.
Çapaq gecənin bağrını,
Dür atdan düşüb,
Qır ata süvar olaq,
nağıllar aləminə baş vuraq.
Əl-ələ verib qaçaq Yer üzündən,
başqa bir kəhkəşanda
özümüzə təzə bir dünya quraq.
Demə, zaman yolub qanadlarımızı,
adam olduğumuz yetər,
arzularımıza piyada getməyimiz yetər,
bizim quşa dönüb uçan vaxtımızdı,
Adamlardan qaçıb
özümüzə,
sözümüzə,
üzümüzə qapı açan vaxtımızdı.
Gəl, yuxumuza haram qataq,
bu uzun gecənin boyunu kəsək,
doğrayaq çırpı istəklərimizi
hisslərimizin baltasıyla,
bəs deyincə günaha bataq.
10.01.22

Bilal Alarlı