PAYIZ…SƏN…PAYIZ…
Ağaclar yandırır yarpaqlarını—
Baharın vəfasız məktublarıtək.
Çinarlar oxunmur—varaqlarını
İtirmiş min ilin kitablarıtək…
Əsir, o şəhərdən küləklər əsir…
Payızlar üstünə dağılır saçın
Küləklər içindən sən çağırırsan.
Mən hansı ağacın yanına qaçım,
Hər ağac altında sən ağlayırsan…
Əsir o şəhərdən küləklər əsir….
Yağışı,yarpağı,buludlarıyla,
Öz ögey, öz doğma adamlarıyla,
Tanrım bəlkə onun addımlarıyla
Əsir, o şəhərdən Küçələr əsir
Pəncərəm gözümə inanmasa da…
Bəlkə də bu külək Səs yağışıdı
Geyinir bu şəhər Səs yağışında
O uzaq şəhərin küçələrini,
Tini,döngəsini, gecələrini,
Evi, pəncərəsi,işıqlarını,
Küləyi,buludu,yağışlarını—
Sənin şəhərinə dönür bu şəhər
Əsir o şəhərdən Gecələr əsir…
Əsir bu şəhərə durna səsləri
Tökülən yarpağı öz teli bilir.
Ağaclar utanır çılpaqlığından—
Düşən axşamları təsəlli bilir…
Əsir o şəhərdən küçələr, məni
Bəlkə tanrıdan çox sən saxlayırsan.
Mən hansı ağacın yanına qaçım?
Hər ağac altında sən ağlayırsan..
Əsir o şəhərdən küçələr əsir…
Əsir o şəhərdən gecələr əsir…
Əsir o şəhərdən Kölgələr əsir..
Səfər Rzasoylu