QUŞLARIN
 
Döşünə yatmaz ki vətən nəğməsi,
Sərhəd dirəyinə qonan quşların.
Başına ahımla sığal çəkərdim,-
Soyuqda qanadı donan quşların.
 
Sevib könül verdim tütəyə,neyə,
Quşlar qanadıyla qapımı döyə.
Vətən bayrağı tək ucalsın deyə,-
Gərək heykəlini yonam quşların.
 
Bu yurd ayrı yuva,mən ayrı quşam,
Çətin ki,bu Yerə,Göyə uyuşam.
Hər gün arxasınca su atır Şuşam,
Qürbətdən qayıdan sonam quşların…


 
ÖZÜ BOYDA BİR VƏTƏNDİR HƏR ŞƏHİD
 
Ucalırsan baş əydikcə biz sənə,
Ocaq şəhid,zəvvar şəhid,pir şəhid.
Qollarımız sərhəd teli bu yurdun,
Özü boyda bir Vətəndir hər şəhid.
 
Bir ağacıq,düşən yarpaq şəklimiz,
Xarıbülbül eşqə ortaq şəklimiz.
Dalğalanır bayraq-bayraq şəklimiz,
Bağrımıza basdığımız Yer şəhid.
 
Bu vüqara,bu duruşa maşallah!
Bu döyüşə,bu vuruşa maşallah!
Könüllərdə taxtdır Şuşa,maşallah!
Bu torpağa ən vəfalı yar şəhid!