MƏN FƏHLƏ ŞAİRƏM
 
Biraz qürurluyam,biraz vüqarlı,
Könlüm qübarlıdır,əlim qabarlı.
Hər sözü,kəlməsi bəhrəli,barlı,
Mən fəhlə şairəm,fəhlə şairəm.
 
Zəhmət çiçəyidir alnımın təri,
Torpağın,daşın da gülür gözləri.
Özünü biraz da şax saxla,pəri,
Mən fəhlə şairəm,fəhlə şairəm.
 
Heç vaxt yer gəzmədim yuxarı başda,
Bir oldu mənimçün bahar da,qış da.
Tapmışam ruzumu torpaqda,daşda,
Mən fəhlə şairəm,fəhlə şairəm.
 
Çörəyim halaldır,suyum halaldır,
Gözükölgəlilər yanımda laldır.
Var-dövlət,təmtəraq bir qeylüqaldır,
Mən fəhlə şairəm,fəhlə şairəm.
 
Başımın üstündə allahım da var,
Qurxutmaz ta məni isti,soyuq,qar.
Yanımda başını dik tutan dostlar,
Mən fəhlə şairəm,fəhlə şairəm.
 
Daş yonub,ev tikmək nə gözəl peşə,
Belə qürrələnmək,döymək var döşə.
Dönüb arzularım Aya,Günəşə,
Mən fəhlə şairəm,fəhlə şairəm.
 
AĞ MƏLƏK
 
(Ömür yoldaşıma yenidən həyat bəxş edən istedadlı həkim Lətafət xanım Dövlətovanın şərəfinə)
 
Əllərinin şəfası möcüzədir,ay həkim,
Bu boş qalmış sinəmə ürəyimi qaytardın.
Xəstəsi bəxtəvərdir sənintək ağ mələyin,
Sən süfrəmə suyumu,çörəyimi qaytardın.
 
Ömür-gün yoldaşımdır müqəddəs ilham pərim,
Məhəbbətlə açılıb üzümə hər səhərim.
Əyilmişdi qamətim,bükülmüşdü dizlərim,
Dağlara söykənməyə kürəyimi qaytardın.
 
Bəlkə hər xəstə zəvvar,bəlkə hər həkim pirdi,
Dağlar da qübarlanıb qarşımda baş əyirdi.
Durnalar qərib-qərib mənə əl eləyirdi,
Yolunmuş qanadıma lələyimi qaytardın.
 
Verdiyin dərmanların acısı da bal dadır,
Səndən qaçan xəstəlik həkim,yaman haldadır.
Gördün Əlirza Həsrət yaşamır,baş aldadır,
Mənə öz varlığımı,gərəyimi qaytardın.