Çalınsın sevginin zəngi…
 
Səndən nə müddətdir, səs gözləyirəm,
Çalınsın sevginin zəngi, gələcəm.
Gecikə bilərəm, səbrini bas, döz,
Oturub birazca ləngi, gələcəm.
 
Mənəm qəlbindəki o ad, beş hərfdən…
Durnatək yol azıb qalmaram səfdən,
Qorxma, ömrüm-günüm, mənim tərəfdən,
Pozulmaz bu eşqin rəngi, gələcəm.
 
Mənasız keçirdim illərimi mən,
Açmışam Tanrıya əllərimi mən.
Saz kimi kökləyib tellərimi mən,
Çalacam eşqimə cəngi, gələcəm.
 
Neylər eşqimizə, qopsa tufanlar?!
Can canın çəkdiyi ağrını anlar.
Könlündən axmasın qoy qara qanlar,
Əmin olmalısan, mən ki gələcəm.
 
Aynuram, könlümdə nə qədər zədə,
Çırpınır ürəyim qanlı nizədə,
Mən məğlub olmaram mübarizədə,
Eyləyib qələmi süngü, gələcəm.
 
*Adın nəğmə olub dodaqlarıma*
 
Nə vaxtdır bir yerdə qərar tutmuram,
Yandırır saldığın köz ürəyimi.
Hər gün bir alovlu şeir eləyib,
Sənə göndərirəm söz ürəyimi.
 
Adın nəğmə olub dodaqlarıma,
Yolunu kəsərdim, gəlir arıma.
Qoyma ki, xal düşsün etibarıma,
Mən sənə vermişəm öz ürəyimi.
 
Çiçəklə bəzənib bu eşqin önü,
Yayılıb dünyaya harayı-ünü,
Sevgilim, sən mənim bu bahar günü,
Nə incit, nə də ki üz ürəyimi.
 
Bağban ol Aynurun könül bağına,
Çıxma Fərhad kimi hicran dağına,
Mən dözə bilmərəm ayrılığına,
Həsrətin eləyər buz ürəyimi.