*Qoşalaşaq səninlə*
 
Yumaq kimi diyirlənir arzular,
Məhəbbətim ilmə-ilmə toxunur.
Ürəyimdə şaxələnmiş naxışlar,
Şeir kimi misra-misra oxunur.
 
Gəldiyin yol mənə dolu misradır,
Hər addımın bir hecadır yol boyu.
Əgər bilsəm gələcəksən, oturub,
Gəlişini gözləyərəm il boyu.
 
Min şövq ilə cəh-cəh vurur bağçada,
Bizim üçün dua edir bülbüllər.
Eşqimizin qış görməsin gülşəni,
İl boyunca bahar olsun fəsillər.
 
Dəf eyləyək hər çətini sevgiylə,
Dərə keçək, dağlar aşaq səninlə.
Bir məhəbbət qəzəlinin beytitək,
Gəl, əzizim, qoşalaşaq səninlə.
 
Dənizdir, günəşdir, nəğmədir, mənəm
 
Ürəyimdə bir dünya sevinc,
saçlarımda bir əlçim meh,
Qurtulub gedirəm
bir dar məhbəsdən.
Ləpələrə qoşulub oxuyuram pəsdən.
Dənizdir, günəşdir, nəğmədir, mənəm.
Qağayılar çırpır qanadlarını
mavi sulara,
Dəniz ayna tutur şəfəqlənən
duyğulara.
Həyat gözəldir,
qayalar uzaqda bir kümə.
Dalğaların atıb tutduğu bir gəmi
yelkən açıb könlümə.
Xəyalım balıqlartək üzüb gedir dərinə.
Qəfil bir an içində ötür neçə qərinə.
Dənizdir, günəşdir, nəğmədir, mənəm.
Hər tərəf gözəllik,hər tərəf tamaşa.
Dincini al, ürəyim, düşmə heç təlaşa.
Gözəldir olmaq Günəşlə baş-başa,
dənizlə baş-başa,
nəğməylə baş-başa, özünlə baş-başa.
Dənizdir, günəşdir, nəğmədir, mənəm…