Qoca Firuz gün batanda evə qayıdır. Gün olur ki, bazarda işi çox olur, başı aşağı bütün günü işləyir, yük daşıyır. Bəzi günlər isə o, böyük anbarlar yanında işsiz dayanır, onu yük daşımağa çağıracaq bir səs gözləyir. Belə günlərdə o, ağzına qədər dolu anbarların yanında boş-bikar oturub qalır, kürəyini divara söykəyib mürgüləyir.


Axır zamanlar o, hər axşam gün batan kimi bazardan çıxıb, hara isə tələsir, şəhər kənarındakı xalça karxanalarından birinin qabağına çatarkən ayaq saxlayır, çoxdan qurumuş bir çinar ağacına söykənib dayanır, gözləri karxana darvazasına baxıb yol çəkir. Qoca fikrə gedir. Bu zaman o dincəlirdimi? Yox! İndi daha ağır bir yük gözləyir…


Birdən səs-küy onu xəyal aləmindən ayırdı. Xalça karxanasının darvazasından çıxan dəstə-dəstə irili-xırdalı uşaqlar içərisində onun gözləri kimi isə axtarır.


Budur, axır iki qız qolları üstündə yeddi-səkkiz yaşlarında arıq və solğun bir qızı qapı ağzına çıxarır.


u, qoca hambalın nəvəsi Sürəyyadır. O, hələ ayaq açıb yeriməyə başlamamış rütubətli, qaranlıq bir zirzəmidə şikəst olmuş, ayaqları hərəkətdən düşmüşdü. Qocanın isə bu şikəst qızdan başqa dünyada heç kəsi yoxdu. Oğlu qazanc dalınca uzaqlara getdiyi gündən sanki daş olub quyuya düşdü, ondan heç bir xəbər gəlmədi. Gəlini isə ilk balası Sürəyyanı hələ süddən ayırmamış öldü.


Qoca yaxınlaşıb, ehtiyatla nəvəsini kürəyinə alır və başıaşağı, dinməz-söyləməz yoluna düzəlir.


– Baba, deyəsən, bu gün çox yorulmusan?


– Yox, qızım, bu gün bir iş görməmişəm.


Qızcığaz o saat anlayır ki, babasının cibində bu gün də pul yoxdur… Səngəkçi dükanı qarşısından keçərkən qız səslənir.


– Baba, dayan səngək alaq!


Qoca dayanır, səngəkçi şagirdi bir neçə səngək büküb, qocaya verir. Sürəyya isə çit çadrasının ucuna düyünlədiyi bugünkü muzdunu – iki qranı çıxarıb şagirdə verir. Qoca Firuzu tər basır. Demək, o, bu gün də balaca nəvəsinin muzdu ilə qazanılmış bir parça çörəyə möhtacdır.


Axşam yarıqaranlıq, rütubətli zirzəmidə onlar – baba və nəvə həsir üstünə salınmış, rəngi solğun süfrə başında oturardılar. Süfrə üzərində axşam yeməyi bir neçə səngək və bir parça pendirdən ibarət olardı.


Lakin əvəzində bu kasıb süfrə başında, bu qaranlıq zirzəmidə babası balaca Sürəyyaya hər gecə nə qədər gözəl nağıllar söylərdi. Qızcığaz nəfəsini udaraq, babasını dinlərdi.


Səhərlər isə o, babasının səsinə oyanardı. Qoca nəvəsini şirin yuxudan ayıldar, kürəyinə alıb karxanaya gətirər, sonra özü iş üçün bazara yönələrdi.


Bir ildən artıq idi ki, qız xalça karxanasında işləyirdi. Hər səhər gün çıxanda karxana irili-xırdalı yüzlərlə oğlan və qız uşağı ilə dolurdu.


Bir-iki ustadan və karxananın qoca nəqqaşından başqa, iki cərgə düzülmüş əlliyə qədər böyük dəzgah qarşısında və hər tərəfdə işləyən yalnız kiçikyaşlı uşaqlar idi. Onlar iki-iki, üç-üç və daha çox dəstələrlə bu dəzgahlar qarşısında əyləşib, axşama qədər xalça toxuyardılar.


Səhərlər səs-səmirsiz işləyən uşaqlar saatlar keçdikcə yorğunluqlarını unutmaq, yorucu əməklərini yüngülləşdirmək üçün alçaq səslə bir mahnı oxumağa başlardılar.


Sürəyya isə oxumazdı. Onun oxumağa nə səsi vardı, nə mahnısı… O, yalnız işıqlı qonur gözlərini çaldığı ilmələrdən ayırmayaraq, bütün diqqətini və səyini öz sənətində canlandırmağa çalışırdı. Onun toxuduğu qönçələr bütün karxanada məşhur idi. Buna görə də karxananın qoca nəqqaşı hazırladığı cürbəcür nəqşlər içərisində qızıl qönçələr olan nəqşləri həmişə balaca Sürəyya üçün nəzərdə tutardı.
Bu il solğun, qüssəli payızdan sonra şiddətli küləklərlə soyuq bir qış gəldi. Qoca Firuzun rütubətli zirzəmisində isə hələ də buxarı yanmırdı, odun yoxdu, qırıq bir lampaya neft güclə çatırdı. Qoca, Sürəyyanın gecələr titrədiyini görür, səhərə qədər gözünə yuxu getmirdi.


Bu gün o, Sürəyyanı karxana açılmamış qaranlıq ikən gətirib qapı ağzında qoymuş, özü bazara getmişdi. Bu səhər böyük anbarlardan birinə yük daşınacaqdı. Qoca bu fürsəti əldən qaçırmayıb, hamıdan tez işə başlamaq istəyirdi. Nə cür olursa olsun, bu gün, heç olmasa, bir şələ odunun pulunu qazanmalı idi.


Səhər tezdən yük daşınmağa başlandı. Qoca Firuz bu gün hamını heyrətə salan və yaşına yaraşmayan bir zirəklik və səylə çalışırdı. Günortaya yaxın o, əlli tay daşımışdı.


Budur, yenə də növbəti taylardan birini çiyninə alıb anbarın yarıqaranlıq və dik pillələri ilə aşağı enməyə başladı. İki-üç pillə düşmüşdü ki, birdən onun gözləri qaranlıq gətirdi və sanki ayağı altındakı kərpiclər yerindən oynadı. O, əlini hara isə atmaq istədi, lakin bu zaman ona elə gəldi ki, kim isə yuxarıdan daha ağır bir yük tayını onun üzərinə aşırdı. O, cəld döşündəki kəndiri boşaldıb, yükü yerə atmaq istədi, lakin macal tapmadı, dizləri titrədi, ayaqları büküldü və daş kimi anbarın boşluğuna yuvarlandı. Dik pillələr onu saxlamayaraq bir-birinin dalınca aşağıya doğru itələdi, nəhayət, o, anbarın kərpic döşəməsi üzərinə sərildi, qışqırmağa, haraya çağırmağa da macal tapmadı.


Aşağıda – anbarda işləyən hamballardan ikisi ona tərəf yüyürdü, yükü qaldırıb qocanı çıxartdılar. Lakin iş-işdən keçmişdi.


Axşam uşaqlar karxanadan çıxarkən qar yağırdı. Onların çoxu ayaqyalın idi, yeri ağartmaqda olan qar üstündə təzə izlər buraxaraq, tələsə-tələsə evlərinə gedirdilər. Balaca Sürəyyanı yoldaşları yenə qolları üstündə küçəyə çıxartdılar, lakin bu dəfə darvaza qarşısında qoca Firuz onları qarşılamadı. Sürəyya heyrətlə küçənin başına baxdı.


Birinci dəfə idi ki, karxanadan çıxarkən babası onu gözləmirdi. Sürəyyanın yoldaşları da ətrafa boylandılar.


– Firuz baba niyə yoxdur?


Onlar bir-birinin üzünə baxdılar.


– Gələr, bir az gözləyək.


Gözlədilər. Sürəyya isə getdikcə artmaqda olan bir nigarançılıqla qaranlıqlaşan küçəyə və quşbaşı yağan qara baxırdı. Yoldaşlarından biri dedi:


– Sürəyya, bəlkə, köməkləşib səni birtəhər evə aparaq, Firuz baba, görəsən, nə iş çıxdı ki, gəlmədi.


Sürəyya qəti hərəkətlə başını buladı:


– Yox, babam harada olsa, bu saat gələcəkdir. Siz gedin, sonra qorxarsınız.


Yoldaşları qaranlıq düşdüyünü görərək, doğrudan da, qorxurdular. Bir az gözlədikdən sonra onlar da getdilər. Sürəyya qarlı qış axşamında, küçədə təkbaşına gözləməyə başladı.


Qar getdikcə şiddətlə yağırdı.


İndi soyuq qızın bədəninə işləyir, o titrəyirdi. Hələlik özünü saxlayırdı. Lakin gecə keçdiyini görərkən, babasına qarşı bir küskünlük duyaraq kövrəldi və səssiz-səssiz ağlamağa başladı.


Nə qədər vaxt keçdi, amma Firuz baba yenə də gəlmədi. İndi Sürəyya çağırmağa başlamışdı. O, əvvəlcə babasını çağırırdı. Səs verən olmadı. Sonra o, sadəcə, bir nəfəri, bir insanı köməyə çağırırdı. Onun səsini eşidən olmadı…


Artıq dodaqları söz tutmurdu. Nəhayət, bu qarlı gecəni küçədə tək qalacağını anladı. Bağlı karxana darvazasına tərəf sürünməyə başladı, bəlkə, orada, darvazanın tağı altında qar tutmayan bir bucaq tapmaq mümkün ola idi…


Səhər günəşin ilk şüaları qar üzərində parıldaşanda balaca Sürəyya hələ yarıhuşsuz bir halda darvaza ilə divar arasındakı bucağa qısılıb yatmışdı. İndi onun çit çadrası başından sürüşüb çiyinlərinə düşmüş, günəş şüaları solğun üzündə əks etmişdi.


Bəlkə, üzərinə düşən günəş şüalarının təsiri altında idi ki, bu saat o, qəribə və gözəl bir yuxu görürdü.


Yuxusunda geniş üfüqdə böyük və qızıl bir günəş doğurdu.


İndi onun özünün yaşadığı rütubətli, qaranlıq zirzəmi də bu günəşin işıqları ilə dolmuş, döşəmə və divarlar onun toxuduğu qızıl qönçəli xalılarla döşənmiş və bəzənmişdir.


Günəşin şüaları vurduqca, onun toxuduğu xalçalar üzərindəki qönçələr bir-bir açılır, onların hər biri bir qızılgülə dönürdü… Bunu görən Sürəyya sonsuz bir sevinclə od kimi yanan qönçələrin üzərinə yüyürür, onları qoparmağa ürəyi gəlmir, bir-bir oxşamaq istəyirdi.


Lakin birdən kim isə qolundan tutub bu aləmdən kənara çəkməyə başladı, onun yuxusu dağıldı. O, gözlərini açdı.


Onun qolundan tutub qaldıran karxananın qoca nəqqaşı idi. Səhər işə gələn uşaqlar isə darvaza ağzında onun başına toplaşmışdılar.


Qoca nəqqaş onu qucağına alıb içəri apardı, öz otağında taxt üstündə uzatdı. Qızın gözləri yumuldu. Yarım saat sonra o, yarıhuşsuz bir halda sayıqlamağa başladı:


– Harada qalmışdın, baba? Bir bax gör, necə gün çıxıbdır!.. Bunlar hamısı mənim toxuduğum xalçalardır. Qönçələr də mənimdir… İndi gün vurduqca, hamısı bir-bir açılmağa başlamışdır. Bəs sən harada idin, baba?


Qoca cəld uşaqlardan birini həkim dalınca göndərdi. Bir saat sonra küçədə fayton atlarının ayaq səsləri eşidildi. Qoca nəqqaş qapı ağzında həkimi qarşıladı, bərabər içəri girib, Sürəyyanın yatağına yaxınlaşdı. Həkim qızın üzərinə əyildi. Bir dəqiqə sonra isə başını qaldıraraq qoca nəqqaşa tərəf döndü:


– Gecikmişsiniz, – dedi, – uşaq keçinmişdir…


Qoca nəqqaş diksinib bir addım geri çəkildi, gözləri yaşla doldu. Dönüb pəncərə qarşısına getdi. Kiçik otağının şüşələri, qırıq pəncərəsi arxasından bütün karxana onun gözləri qarşısında açıldı. Orada uşaqlar səssiz- səmirsiz dəzgahların qarşısında oturmuşdular. Bu gün onların heç birindən səs çıxmır, heç kəs nəğmə oxumurdu. Onlar hamısı başlarını aşağı dikib işləyirdi.


Qoca nəqqaş qəmli-qəmli onlara baxdı, bir az əvvəl Sürəyyanın sayıqladığı sözləri xatırladı və indi birdən bu uşaqların hamısı ona günəş gözləyən solğun qönçələr kimi göründülər. O köksünü ötürdü və dedi:


– Yox, bu cür davam edə bilməz! O gün gələcəkdir!.. Günəş doğacaq, qönçələr açacaqdır!.