Türkiyənin Bayburt şəhərində davam edən 26-cı Beynəlxalq Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı çərçivəsində Dədə Qorqud kitab və rəsm sərgilərinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən qurulan sərgilərin açılışında Bayburtun rəhbər şəxsləri, festival iştirakçıları, yerli ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.

Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlı TÜRKSOY-un fəaliyyəti, eləcə də Dədə Qorqud mövzusunda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının həyata keçirdiyi layihələr barədə geniş məlumat verib.

Sonra TÜRKSOY tərəfindən nəşr olunan tanınmış tərcüməçi və yazıçı Kənan Çarboğanın “Qorqudnamə” əsəri Bayburt bələdiyyəsinin sədri Hükmü Pekmezci, Bayburt valisinin müavini Göksəl Yüksəl, eləcə də millət vəkillərinə təqdim olunub.

Azərbaycan da daxil olmaqla, türk dünyasının görkəmli rəssamlarının Dədə Qorqud mövzusunda fırça ilə çəkdikləri rəsm əsərləri, eləcə də nəşrlər iyulun 23-dək Bayburtun “Çoruh” Mədəniyyət Mərkəzində nümayiş olunacaq.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi ilə bağlı Fərman imzalayıb.

Azərbaycanın Türkiyə və Qazaxıstan ilə birgə təqdim etdiyi “Dədə Qorqud irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi 2018-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

İyulun 23-dək davam edəcək festival çərçivəsində təşkil olunacaq panel müzakirələrdə Azərbaycanda Dədə Qorqud irsinin öyrənilməsi, bu mövzuda yaradılan ekran əsərləri, nəşr olunan kitablar və sair barədə geniş məlumat veriləcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Bayburt

Mənbə: https://azertag.az