BÖYÜYÜB DAĞ OLDU SEVDİYİM O DİK

Neçə ayrılıq var yönü bəridir,
Neçə məhəbbət var üzü tərsinə.
Gözümdən su içib uzanan yolda,
Belə kim salıbdır izi tərsinə.

Yolları bağrına basan ozanam,
Gördüyüm yuxunu özüm yozanam.
Mən qərib ahına gərək qızınam,
Döndərin ocağı,közü tərsimə.

Böyüyüb dağ oldu sevdiyim o dik,
Diksindi barmağım toxunan tətik.
Nadan məclisində susduq,dinmədik,
Hamı alqışladı bizi tərsinə.

SƏNİN GETMƏYİN DƏ QAYITMAĞINDIR…
(Sevimli şair Qəşəm Nəcəfzadəyə)

Baş alıb getməyə yer gəzən Qəşəm,
De,nədir çıxaran özündən səni?
Söz əkib,söz dərmək ən halal peşən,
Quşlar da pay umur ruzindən sənin.

Sevib pərvanəsiz alışan şamsan,
Belə başdan-başa təbsən,ilhamsan.
Sən böyük şairsən,bütöv adamsan,
Nə var ki tutmağa sözündən səni.

Bağrına basdığın hər iz dağındır,
Söykə kürəyini dağa yaxın dur.
Sənin getməyin də qayıtmağındır,
Kim görsə,tanıyar izindən səni.