Azərbaycan Yazıçılar Birliyinin üzvü
Mustafa Kamak Atatürkə ithaf olunur
Türkə xain baxanlar daima xar olacaq,
Tanrı Türkə həmişə, hər yerdə yar olacaq,
Var olduqca bu dünya bu qüdrət var olacaq,
Tarixləşən adımız – sanımızdır Atatürk.
O coşdurdu qanıyla damla-damla selləri,
Aşıb keçdi əzm ilə qan-qadalı illəri,
Ondan alır işığı ulu Turan elləri,
Üfüqlərdə sökülən danımızdır Atatürk.
Onun ayaq izidir zəfərlərə gedən iz,
Bu gün varlığımızçün minnətdarıq ona biz,
Əbədidir, tükənməz Atamıza sevgimiz,
Ömürdəki ən şirin anımızdır Atatürk.
Baş əyirəm önündə bu adın qürur ilə,
Belə düşüb qüdrəti milyon ağıza-dilə,
Tarixlərdən bu adı bacarmaz kimsə silə,
Əbədi şöhrətimiz-şanımızdır Atatürk.
Bir sönməyən ocağın alovuyuq-oduyuq,
Oğuz, qıpçaq, peçeneq – bütöv Türkün adıyıq,
Bütün dünya eşitsin, biz onun övladıyıq,
Varlığımız onundur, canımızdır Atatürk.