Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı

Biləcək qədrimi bir gün yağışlar,
Sevəcək bilirəm küləklər məni.
Döşünün üstünə xal edəcəklər,
Çöllərdə al rəngli çiçəklər məni.

Bilirəm, bilirəm o da olacaq,
Torpaq da sevəcək, daş da sevəcək.
Məni tanımayan qarışqalar da,
Məni tanımayan quş da sevəcək.

Qədrimi biləcək bir gün dənizlər,
Limanlar, gəmilər, qağayılar da.
Hansısa şerimdə küsdüm dediyim,
Şimalda dolaşan ağ ayılar da.

Sevəcək yad məni, düşmənim məni,
Adımı dillərdən qəfil duyanda.
Bilirəm gözündə dünənin qəmi,
Sən də sevəcəksən mən olmayanda…

SEVGİMİN NOYABRI

Bu da sevgimizin son noyabrı,
Yenə də nəyinsə sonuna gəldik.
Gözündə bir ovuc dəniz var sənin,
Ağlama suyunda bata bilerik.

Hava xətalıdır, küləyi dəli,
Yoxsa sevgimizdir soyuğu duyan?
Qorxuram payızda tərk etsəm səni,
Bir daha baharda səni tapmayam.

Həyat başdan-başa qəribəlikdir,
Görüşlər yaradar, ayrılıq salar.
Kiminsə cibində qara qəpikdir,
Bizim gözümüzdə mühüm olanlar.

Nə deyim taleyin yazısına mən?
Niyə görüşdük ki, niyə ayrılaq?
Təpədən ayağa payız kimiyəm,
Yarpaqsız budağam, budaqsız yarpaq.

Sənsiz yaşamağa alışam gərək,
İndidən unudam,yoxsa gec olar.
Bu da sevgimizin son noyabrı,
Hələ ayrılığın dekabrı var…

2012