XVI-XVII əsrlərə aid edilən “Koroğlu” dastanı türk xalqlarının ən möhtəşəm folklor abidələrindəndir. Koroğlunun adı Baykaldan Balkanlaracan, Altaylardan Anadoluyacan türk xalqlarının yaşadıqları torpaqlarda məşhurdur. Koroğlunun şöhrəti XIX əsrdə rus tənqidçisi Çernışevskidən fransız yazıçısı Jorj Sanda qədər müxtəlif əhli-qələmlərin diqqətindən yayınmamışdır.
Koroğlu türk olmayan xalqların şifahi ədəbiyyatında da yer tutur. Məsələn, taciklərdə “Qurqulu” adıyla məşhurdur. Azərbaycan və Anadolu aşıqlarının təsirilə erməni aşıqları da “Koroğlu” dastanını türkcə ifa edirlərmiş. Özbəklərin “Rövşən” dastanı (Koroğlunun adı Rövşəndir) “Koroğlu” süjetilə bağlıdır. Amma bu dastanın ən kamil və dolğun variantları azərilərin, Türkiyə türklərinin və türkmənlərin yaratdıqlarıdır. Bu üç versiyanın (özəlliklə, dastandakı şeirlərin) bir-birinə çox yaxın olması həm dillərimizin cüzi fərqlərlə eyniliyindən, həm də cərəyan edən hadisələrin təxminən eyni coğrafi məkandı cərəyan etməsindəndir.
Dastanın türkmən variantında belə misralar var:
Göydən uçan top çığalı durnalar
Ərzurum dağında qarı gördünmü?
Məlum olduğu kimi, türk şəhəri Ərzurum Anadolu ərazisindədir.
Bir çox rus və Avropa şərqşünaslarının və folklorçuların fikrincə “Koroğlu” dastanının mənşəyi ən çox Azərbaycanla bağlıdır. Anadolu və türkmən variantlarında bu ölkələrin coğrafi adları sıx-sıx görünür.
Türkiyə variantında Koroğlunun məskəni Çamlubel, əsas düşməni Bolu bəyidir. Bolu paşasının Koroğlunu tutmaq hədələrinə türk variantında belə cavab verilir:
Bolu paşa, heç gəlirmi yadına
Hanı, məni tutan günün necoldu?
Rəngin uçdu, üzün döndü qadına
Mərd oğlunu tutan günün necoldu?
Koroğlum, çağırır Yaradan səni,
Yaradan öldürməz, qurtarar məni,
Qorxma, ey Bolu bəy, öldürməm səni,
Qoca qurdu tutan günün necoldu?
Koroğlunun şəxsiyyətini də, onun başçılıq etdiyi hərəkatı da həm Orta əsr salnaməçiləri, həm də müasir tarixçilər XVI əsrin sonu-XVII əsrin əvvəllərində Azərbaycan, Qafqaz və İran ərazisində geniş yayılmış Cəlairilər üsyanlarıyla əlaqələndirirlər.
Dastanın üç oğuz xalqına – azərbaycanlılara, Anadolu türklərinə və türkmənlərə aid olan variantlarını tutuşdursaq, birinci ikisinin bir-birinə daha yaxın olduğunu, türkmən variantının onlardan xeyli fərqləndiyini görərik. Bu fərq elə dastanın adından və bu adın izahından başlanır. Azərbaycan və Anadolu variantlarında Rövşənin adı atasının gözlərinin çıxarılması ilə izah olunur. Rövşən – Koroğlu da Hamletsayağı atasının qisasını alır. Xalq arasında belə bir misal da var: birisi atasının gözlərini çıxarır ki, ona da Koroğlu desinlər, amma ona “kor kişinin oğlu” – deyirlər.
Türkmən variantında bu adın mənşəyi tamam başqadır: Körpə Rövşəni qəbirdə tapırlar və adı da ona görə Goroğlu olur.
Azərbaycan variantında Koroğlunun və sevgilisinin övlad nisgili Nigarın dilindən həzin misralarla ifadə olunmuşdur:
Qəm-qüssəm başımdan aşdı,
Mən tək dərdə qalan yoxdu.
Ah çəkməkdən bağrım bişib,
Bircə yada salan yoxdu.
Necə baxım ev-eşiyə
Yaralı könlüm üşüyə?
Toz bürümüş boş beşiyə
Şirin layla çalan yoxdu.
Çənlibeli güllər bəzər,
Güllər saralsa, kim üzər?
Hər quş balasınan gəzər,
Niyə sənin balan yoxdu?
Koroğlusan, hay salarsan,
Paşalardan bac alarsan.
Neçə şəhərlər talarsan,
Sən tək şəhri talan yoxdu.
Nə dərd olsa, məni tapar,
Sonsuzluq bir yanım çapar.
Yarılğan uçar, toz qopar,
Görərsən ki, qalan yoxdu.
Dastanın türk variantında da bu sonsuzluq motivinə, övlad həsrətinə işarə var.
Koroğlu:
Koroğludur Çamlibelin aslanı,
Şəkər ilə, qaymaqla bəslər səni.
Səndən istər bir pəhləvan oğlanı
Aman Selma, insaf eylə, de mənə.
Selma:
Türk qızıyam, soyum, sopum bəllidi,
Gözüm ala, saçım siyah tellidi.
Türk qızının dili Tuti dilidi,
Bunu sən bil, mənə inan Koroğlu!
Bizim eldə əhdə vəfa edilir,
Kəm söylənməz, doğru yolla gedilir.
Fəzilətdə namus yolu güdülür,
Məraq etmə, mənə inan, Koroğlu!
Özümü təkrar etsəm də, deməliyəm ki, həyatda ilk eşitdiyim kitablar “Koroğlu” dastanı və Nazım Hikmətin “Günəşi içənlərin türküsü” kitablarıdır. “Oxuduğum” demirəm, “eşitdiyim” deyirəm, çünki hələ yazıb-oxumağı bilmədiyim vaxt bu kitabları mənə anam oxuyardı. Keçəl Həmzənin Koroğlunu aldadıb Qıratı ələ keçirməsi bədii ədəbiyyatdan aldığım ilk sarsıntı idi.
Sevimli atını itirən Koroğlu Keçəl Həmzəyə yalvarmağa başlayır:
Canım Həmzə, gözüm Həmzə,
Həmzə, incitmə Qıratı.
Budu sənə sözüm, Həmzə,
Həmzə, incitmə Qıratı.
Həmzə, atı yaxşı saxla,
At igidin qardaşıdı.
Gündə muğayat ol, yoxla,
At igidin qardaşıdı.
Yay olanda dağa yolla,
Yaz olanda ifçin nalla.
Qış olanda məxmər çulla,
At igidin qardaşıdır.
Anam danışırdı ki, bu yerlərini oxuyanda sən ağlamağa başlardın: “Elə igid niyə belə namərdə yalvarır” deyirdin. Nə biləydim ki, ömrüm boyu çox namərdə rast gələcəm, heç birinə yalvarası olmasam da…
“Verib Qırı, alıb Dürü” (Dür atı) kor-peşman Çənlibelə qayıdan Koroğlunu dəliləri də, Nigar da qaş-qabaqla qarşılayırlar.
Ala gözlü Nigar xanım,
Üzün məndən niyə döndü?
Sənə qurban şirin canım,
Üzün məndən niyə döndü?
İgidin yatmasın baxtı,
Yana çevrilməsin taxtı,
Koroğlunun məlul vaxtı,
Üzün məndən niyə döndü?
Bu yerdə Nigarın hər hansı cavabı məzəmməti, incikliyinin səbəblərini açıqlaması soyuq bir “başdan eləmə” olardı. Amma Nigar (daha doğrusu, dastanı yaradanlar) ən gözlənilməz və təsirli cavab tapırlar. Gərginliyi aradan qaldırmaqçün Nigar Koroğluya “amma yaman qarasan ha” – deyir. Koroğlunun cavabı da eyni cür pafosdan uzaq, təbii və səmimidir:
Mənə qara deyən gözəl,
Qaşların qara deyilmi?
Tökülübdü dal gərdənə
Saçların qara deyilmi?
Dastanın bir cəlbedici cəhəti də xəfif yumorudur. Hansı dastan qəhrəmanı öz-özünü aşağılamaqdan belə çəkinməz? Giziroğlu Mustafa bəylə güləşməkdən sonra məhz Koroğlunun özü:
Koroğlunu çaya basar
Giziroğlu Mustafa bəy
– gəraylısını qoşur.
Türkiyə variantında Keçəl Həmzənin rolunu Kəloğlan oynayır.
Havada buludlar soldu,
Dürü at yoruldu qaldı.
Kəloğlan Qıratı aldı,
Alış, tutuş, yan Koroğlu!
Anadolu variantında bəzi misralar müdrik öyüd-nəsihət kimi səslənir:
Havada uçan boz quşlar
Yelin qədrini nə bilir?
Kəndi qədrini bilməyən
Elin qədrini nə bilir?
Cüt qoşub toxum əkməyən,
Süfrəsin yerə tökməyən,
Elin qəhrini çəkməyən
Malın qədrini nə bilir?
Türkmən variantında Goroğlu deyir:
Səni deyib gəldim Çandibelimdən,
Yor gedəli sənin ilə pərizad.
Əslim bəyan etsəm – türkmən elindən
Yor gedəli bizim ilə pərizad.
Türkmən variantının bəzi parçalarında dini təəssüb güclüdür:
Qəflətdə yatırdım, gəldi ərənlər
“Dur, qafil, yerindən, oyan” – dedilər.
Gözüm açıb gördüm cümlə-cahanı
Ol duranlar “Şahimərdan” – dedilər.
Şahimərdan Həzrət Əlinin adlarından biridir.
Goroğlu bəy aydır: kəminə, bəndə
Pirim Şahimərdan! Dəstgirim səndə.
Beş vəqt namazı qıldığın gündə
“Axirət yoldaşın iman” dedilər.
Türkmən variantının lirik parçaları da çox təsirlidir:
Qərib bülbül, bikəs bülbül,
Sən orda yığla, mən burda.
Qəriblikdə qalan bülbül,
Sən orla ağla, mən burda.
Qərib bülbül olma naşı,
Axdırma gözündən yaşı,
Qərib könlümün yoldaşı
Sən orda ağla, mən burda.
Qərib bülbül, bəxti qara
Nə çəkirsən ahu-nalə?
Səni asdırmaram dara,
Sən orda ağla, mən burda
Yaxud:
Qəflətdə yatırdım, gəldi bir pəri,
Eşq oduna məni heyran eylədi.
Ol pərinin sevdasına düşmüşəm
Eşq oduna məni heyran eylədi.
Laçın kimi qıya-qıya qarayıb,
Siyah zülfü dal gərdənə darayıb,
Ağ üzündə qoşa-qoşa xal qoyub
Eşq oduna məni heyran eylədi.
Oğuz dil qruppuna daxil olan xalqlardan biri də xaçpərəst qaqauzlardır. (Göy oğuzlar). Nəsrəddin lətifələri, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Arzu və Qəmbər” dastanları qaqauz folklorunda önəmli yer tutur. Qaqauzların arasında Koroğlunun igidləri ilə bağlı mahnılar da məşhurdur. Qaqauz ağız ədəbiyyatında Koroğlu İzmirin kəndlərindəndir, dostu Ayvazla bərabər “oğuz Robin Qudu” kimi dövlətliləri qarət edib aldıqlarını kasıblara paylayır. Qaqauz Koroğlusu sonralar Anadoludan Dobrudcaya keçmiş, savaşlarını davam etdirmiş, nəhayət yenidən Anadoluya qayıdaraq orda vəfat etmişdir. Qaqauz “Koroğlu”sundan bir parçanı bu dilin özəlliklərini saxlayaraq gətirirəm:
Mən bir Koroğluydum,
dada (dağda) gəzərdim
Çalıya, çırpıya kəllə düzərdim
Əsən lüzgərdən (rüzgardan) izlər seçərdim
Kimsəm yoxdu Balkanda yalnız gəzərdim
Dəmir topuzlarla kəllə əzərdim.
Mən edi (yeddi) daaya (dağa)
hökm edərdim.
Keçəndən bacımı
(bac almaq mənasında) istərdim.
Dastanın hər üç variantında – azərilərdə də, türkiyəlilərdə də, türkmənlərdə də zamandan şikayət mühüm yer tutur. Türkmən variantında deyilir:
Ay yaranlar, musurmanlar,
Namərd mərd oldu, mərd oldu.
Nə əcaib zamanalar
Keçdi yurd oldu, yurd oldu.
Hanı bəylər, hanı xanlar,
Bu dünyaya gələn canlar?
Taxt üstündə Süleymanlar
Uçdu, yurd oldu, yurd oldu.
Orxon yazılarında “Öz eli, öz xaqanı olan xalq idim, elim hanı, xaqanım hanı?” acısı, “Kitabi-Dədəm Qorqud”da “Hanı dediyim bəy ərənlər, dünya mənim deyənlər” təəssüfü əsrlərdən, zamanlardan keçərək dövrandan əbədi şikayət kimi “Koroğlu” dastanının sonunda da öz əksini tapmışdır. Amma Azərbaycan “Koroğlu”sunda bu acı etiraf dövrün konkret bir ixtirasıyla – odlu silahla, tüfənglə bağlıdır.
Daha əvvəllər Çaldıran döyüşü ərəfəsində Şah İsmayıl topları namərd silahı sayaraq yağıyla açıq qılınc döyüşündə üzləşməyi üstün tutmuşdu. Koroğlu da tüfəngin meydana çıxmasını tam bir dövrün bitməsi kimi dərk edir.
Titrəyir əllərim, tor görür gözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Dolaşmır dəhanda söhbətim, sözüm
Mənmi qocalmışam, ya zəmanəmi?
Tutulur məclisdə igidin yası,
Kor olur qılıncı, polad libası,
Gəlib bic əyyamı, namərd dünyası,
Mənmi qocalmışam, ya zəmanəmi?
Belə zaman hara, qoç igid hara?
Mərdləri çəkirlər namərdlər dara,
Baş əyir laçınlar, tərlanlar sara
Mənmi qocalmışam, ya zəmanəmi?
Axır əcəl gəldi, yetdi hay-haray,
Çəkdiyim qovğalar bitdi, hay, haray!
Tüfəng çıxdı, mərdlik getdi, hay, haray,
Mənmi qocalmışam ya zəmanəmi?
Məsələ yalnız “namərd silahı” topda, tüfəngdə deyil, məsələ Keçəl Həmzələrin, Kəloğlanların, biclərin, hiyləgərlərin, namərdlərin meydan suladığı bir əyyamın gəlməsindədir.
Fikrət Qocanın “Babalarım” şeiri yada düşür:
Biri qaçaq olub,
mərd olub.
Biri qoçaq olub,
mərd olub.
Biri kasıb olub,
mərd olub,
Bəs namərələr hardandı?
Bax bu mənə dərd olub.
Əfsus! Koroğlu da qocalmışdı, zəmanə də dəyişmişdi…
Mart 2018
Mənbə: https://edebiyyatqazeti.az/