Çat-çat ürəyimdə dərd qəlpə-qəlpə,
Gəldi doğma yurda səfər müjdəsi.
Həsrətdən göynəyən viranə qəlbə
Gözəl məlhəm imiş zəfər müjdəsi…

Axır ki, açıldı paslı kilidlər,
Bayraqlar yurdumu bəzəyir necə!
Xaraba şəhərlər, xaraba kəndlər
Viranə könlümə bənzəyir necə?!

Ağır sınaqların, möhnətin izi
Elə bilməyin ki, bizi sarsıtdı…
Qəlbimizdə olan vətən sevgisi
Bitib tükənməyən silah-sursatdı…

Yaşadıq ayrılıq məşəqqətiylə,
Bir köz kömür olub, bir közüm gülür.
Doğmalar öldülər yurd həsrətiylə,
Bir gözüm ağlayır, bir gözüm gülür…

Uşaqlar böyüyüb, qocalmışıq biz,
Anıb kövrəlirık o çağımızı…
Şükür, boş qalmayıb bizim yerimiz,
Yandıran olacaq ocağımızı…

Ötdü uzun illər, namərd sənələr,
Gəldi başımıza sonsuz bəlalar.
Köçdü bu dünyadan baba-nənələr,
Yurda sahib çıxın, əziz balalar…

Çox yola salmışıq tufanları biz,
Quruyan ümidlər tumurcuqlayır.
Görəndə qeyrətli cavanları biz,
Dolan gözümüzdə yaş muncuqlayır…

Ürək çan atırsa çata yurduna,
Yenə bu torpağa bahar gələcək!
Övlad sahib çıxsa ata yurduna,
Qərib məzarlarda ruhlar güləcək.

Yadlara qıymayın, özünüz dərin,
Cavanlar, köksümdə bitən həsrəti.
…O yurdu bir dəfə görməyənlərin,
Gözündən boylanır vətən həsrəti…

-Qəlbimiz titrəyən nanə yarpağı,
Həsrət quyusuna daş atmışıq biz.
Bir yol görməsək də doğma torpağı,
Onu qəlbimizdə yaşatmışıq biz…

Geriyə dönərmi yaydan çıxan ox?
Dönürük vətənə, qərar qətidi…
O torpaq tək bizə babaların yox,
Həm də şəhidlərin əmanətidi…

…Çat-çat ürəyimdə dərd qəlpə-qəlpə,
Gəldi doğma yurda səfər müjdəsi.
Həsrətdən göynəyən viranə qəlbə,
Gözəl məlhəm imiş zəfər müjdəsi…

08.11.2020