“Bu nəhəng şair, dəyərli alimimizlə mən hər görüşəndə ondan nəsə öyrənirəm. O, açılan səhərlər, parlayan ulduzlar kimi həmişə təzədir. Allah möhkəm can sağlığı versin. Həmişə yazıb yaratsın”…
Əşrəf Veysəlli

Əgər düşüncələr gəlirsə haqdan,
Sözün ləngərindən dərə tərpənir…
Dağın sinəsinə çəkilən dağdan
Axı nə xəbəri dərə-təpənin?

Nələr görməmişik gözü böyüdən?
Yurdsuzluq qəlbimi ağrıdır, qardaş…
Şairi böyüdən, sözü böyüdən
İçindəki dərddi, ağrıdır, qardaş…

Deşir qulağımı bayağı səslər,
Hamı kül üfürür xalqın gözünə.
Adının önündə xalq olan kəslər,
Necə çıxacaqlar xalqın üzünə?!

Həsrət selləriylə dərd yumalıyıq,
Hikmət göylərində uçan nə gəzir?!
Hərəmiz bir nəhəng dərd yumağıyıq,
Onu çözələyib açan nə gəzir…

Yarasa gözlülər inləyir dərddən,
Qaranlıq bəbəklər qığılcım udur…
Bərq vuran ulduzlar dərd qaynaq edən
Şair qələminin qığılcımıdır…

Zaman da üyütmür bu namərdləri,
Yatan ürəkləri döyündürürük.
Təzə sözümüzü köhnə dərdlərin
Yalın ayağına geyindiririk…

Gəlmişik ağrını söz eləməyə,
Ciyər para-para, qəlb cadar-cadar.
Bizim ömrümüzü təzələməyə
Təkcə Yaradanın qüdrəti çatar…

Haqq nuru məlhəmdi şair sözünə,
Yaradan göylərdən izləyir bizi…
Ay qardaş, nə vaxtsa haqqın üzünə
Açılan səhərlər gözləyir bizi…

20.12.2019