Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Əməkdar müəllim.
Bəlkə də səhvim var, nəsə nöqsanım,
İmkan ver düşünüm, daşınım, qanım.
Tapım saf-çürüklə düzü, inanım,
Mümkün, hər kəs hərdən aza yol, çaşa,
Məni ürəyimlə burax baş-başa.
Yox, haqdan kənara çıxan deyiləm,
Üstünə nəyisə yıxan deyiləm,
Qəlbini azacıq sıxan deyiləm.
Quran da deyiləm oyun, tamaşa,
Məni ürəyimlə burax baş-başa.
Dinlədim, eşitdim, şikayətini,
Kinli narazılıq hekayətini,
Duydum, hiss elədim bil niyyətini.
Dürüst qərarıma arxayın yaşa,
Məni ürəyimlə burax baş-başa.
Səninçün vəkilə dönəcəm özüm,
Olmaz yox, haqqında bircə sərt sözüm.
Xırda qüsuruna yumulmaz gözüm.
Mümkünsüz nahaqla ruhum barışa,
Məni ürəyimlə burax baş- başa.
Fərqi yox, inan ki, ola harda, kim,
Şəksiz söz-söhbətdə vicdanım hakim,
Hazıram verərsə cəzam nə, çəkim.
Düşmə zərrə qədər bundan təlaşa,
Məni ürəyimlə burax baş-başa.
16.03.2021