Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Əməkdar müəllim.

Pis uymuşuq hay-haraya,
Bu sözümdə yalanmı var?
Gedirik belə haraya,
Bunu vecə alanmı var?

Öz nəfsinə olmaqla ram,
Var toplayır çoxu haram.
Ovunub olmuruq aram,
Anlamıram talanmı var?

Söyləməkdə yalan hədyan,
Ötürmürük bircəcə an.
Yaratmağa dərd, həyəcan,
Öhdəlik ya planmı var?

Naqisliklə çıxarıb ad,
“Uğur”undan oluruq sad,
Göstəririk nəhsə İnad,
Tərsliyimiz kalanmı var?

Etmir söz də bizə təsir,
Hər kəs kimdən nəsə kəsir.
Soran yazıq, yetim, yesir
Qayğısına qalanmı var?

Riyaları üzə duvaq,
Edib, gözləmirik ki haqq.
Dolanırıq bax bu sayaq,
Sonu yada salanmı var?
12.03.2021.