rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

ŞƏHİD OĞLUM

Şəhid anasının dilindən

Dərdə boyun əymişəm,
Göz yaşımı silmişəm.
Məzarına gəlmişəm,
İgid oğlum, can balam.

Lənət qara qurşuna,
Baxmadı gənc yaşına.
Səni aldı tuşuna,
Sərvi- boylum, can balam.

Düşmən qənimin oldu,
Haqq verən vədən doldu.
Gülüm- gülzarım soldu,
Qoç Koroğlum, can balam.

Nə söyləyim yarına?
Məğrur, möhkəm dayana.
Qıyacaq şirin cana,
Yolu bağlım, can balam.

Anan qurban boyuna,
Necə gəldin oyuna?
Qoç demişdim toyuna,
Qara toylum, can balam.

Tez alınsın qisasın,
Dövran bitirsin yasın.
Vətən, anan yaşasın,
Şəhid oğlum, can balam.

DOĞRU YOL

“Düşüncələrim” – silsiləsindən

Deyinməyək zəmanəyə, dövrana,
Gələn bahar, gedən qışda nə günah?
Yolçu olan ömür adlı karvana,
Fəğan etməz güzərana, çəkməz ah.

Hər bir anın, dəqiqənin hökmü var,
Ömrə gərək zinət olsun yaşamın.
Əməllərdir səndən sonra yadigar,
Biləsən ki, sönməyəcək gur şamın.

Bərk tutasan zəmanənin nəbzini,
Qalmayasan məhvərindən kənarda.
Sığallayıb babaların izini,
Azmayasan nə tufanda,nə qarda.

Gen durasan hiylə, məkr, tamahdan,
Niyətin də, əməlin də, saf ola.
Dar zamanda qaçmayasan qabaqdan,
Adın,sanın günü-gündən ucala.

Qəlbin çarpsın yurdun üçün,xalq üçün,
Dövran kimi doğma yurda bağlı ol.
Hünərinlə zəfər qazan hər bir gün,
El yolunda çarpışmaqdır doğru yol.