EY BAŞI BƏLALI VƏTƏN!
Gör kimlər başına nə cür iş açır,
Əzəldən ey başı bəlalı Vətən!
Bütün cavabdehlər cavabdan qaçır,
Kimə ünvanlayaq sualı, Vətən?
De, sənin haqqını kimlər yeyibdir?
Kim zərə bürünüb, kim bez geyibdir?
Elə bil aqillər boşa deyibdir
Bu qədər öyüdü, misalı, Vətən!
Səni tox görənlər içdən yanıblar,
Haqqı batil edib, görüb danıblar.
Səni tək biliblər, aciz sanıblar,
Qaldır başın üstdən zavalı, Vətən!
Özünü təsdiq et, de ki, buyam, bu!
Azadlıq təşnəsi – tənha quyam, qu!
Yanan ürəklərə axar suyam, su!
Ey dili alxışlı, dualı Vətən!
Tarixlər boyunca Türküm var olub,
Qeyrəti, cürəti ərzə car olub!
Bütün zamanlarda bayraqdar olub –
Bayrağı ulduzlu, hilallı Vətən!
14.10.2015.
QALMADI
Bəyaz örpək salan dağlar,
Qarın da mənə qalmadı.
Gəlib çatmadım yaxana,
Yarın da mənə qalmadı.
Baxmadın gözü giryana,
Salıb axıtdın dəryana.
Buğda dillərin bir yana,
Darın da mənə qalmadı.
Bu nə çağrış, bu nə zəngdi,
Qulaq yağır, qulaq dəngdi.
Üzümdəki hansı rəngdi,
Sarın da mənə qalmadı.
Söz tapmayıb dərd yazaram,
Qəm alıb-satan bazaram.
Yoxun əlindən bezaram, –
Varın da mənə qalmadı.