YENƏ GÖZLƏYİRƏM
Gözləmək olubdur əzəldən peşəm,
Nə qayğım qurtarır, nə də əndişəm.
Elə bil dünyaya dərdə gəlmişəm,
Sevginə deyiləm naşükür, Allah.
İnsan var, unudur, ölüm günü var,
Dünyanı düz minib, tərsinə çapar,
Nə abır saxlayar, nə də ar qanar,
Sevginə deyiləm naşükür, Allah.
Hər kəsin yolunu bilib saxlayan,
Kimsəsiz ömrünə gülüb, ağlayan,
Qaratelin hər yerdə bəxtin bağlayan,
Sevginə deyiləm naşükür, Allah.
24.08.2015
BİZDƏN EHSAN PAYLAYIRLAR
Bəxt atımı çapammadım,
Öz yarımı tapammadım,
Kitab yazdım, satammadım,
Sözdən ehsan paylayırlar.
Dünya qaynar qazan olub,
İnsanlarla daşıb, dolub,
Yol dolaşıb, göz tutulub,
İzdən ehsan paylayırlar.
Bizləri şeytan çaşdırıb,
Girib qəlbə, lap coşdurub,
Düşmən çömçəsin doldurub,
Bizdən ehsan paylayırlar.
12.10.2015
XƏBİSLƏR
Bütün uğurlarımı görməzdən gəldilər
Həqiqətə badalaq vurdular,
Səndələyib yıxılanda,
Üstündən keçdilər, ayaqladılar,
görmədik dedilər.
Şərin ayaqlarına, taxtadan ayaq vurdular,
Göylərə qaldırdılar,
haray saldılar.
Qışqırdılar,
gördünüz dedilər?!
Bəs xeyirxah mələklər hara
baxırlar,
Bizi nədən, necə qoruyurlar?!
Həqiqətin ağzına daş basanları,
qulaqları tutanları,
Gözləri bağlayanları,
buynuzlu şeytanları
görmürlərmi?!
Hərdən mən acizin,
yazığı gəlir mələklərə –
məndən də aciz olanlara.
Gözlə görə bilsəydim,
kömək edərdim –
Bizə həyan duranlara!
26.04.2014
SEVGİM UTANCAQDIR
Sevgim utancaqdır, üzə çıxmır heç,
Uzaqdan boylanır, sözə çıxmır heç,
Atəşi yandırır, közə çıxmır heç,
Alovundan ürəyimə köz düşür.
Yanağımın cizgilərin dondurur,
Qızarıram, istisi üz yandırır,
Mən bilməmiş özgələri qandırır,
Bədxahların dillərinə söz düşür.
Anlamazlar, sən də cansan, insansan,
Ürəyin var, eşq oduna yanasan,
Qoymazlar ki, yarla kama çatasan,
İmansızlar ünvanına tez düşür.
18.04.2014