Nə qədər ki yox idin,
Gözüm-könlüm tox idi.
Gözlərimə sancılan
Kirpiyinin oxudu.
Fikrimi kələfləyən
Durnaların səsidi.
Dodağının istisi
Qəlbimin istisidi.
Hisslərim, duyğularım,
İtdi dumanda, sisdə.
İpək-ipək tellərin
Axdı sinəmin üstə.
Yerişini demirəm,
Duruşuna tay hanı?!
Çöhrənin işığına
Tutardım bu dünyanı.
Bu gündən ünvanıma
Yazılar xeyrin, şərin.
Vüsalını demirəm,
Hicranın daha şirin.
Çeşmələrin suları
Gözümdə yaşa döndü.
Sinən yadıma düşdü,
Balıncım daşa döndü.