“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Tüstüsü gözümü yaşardır indi,
Özüm qalamışdım bu ocağı da.
Guya ağlım kəsir, guya böyüdüm,
Sındırıb tulladım oyuncağı da.
Nə yoxsan, nə varsan, baş açammadım,
Ümidim nə yoxa, nə vara qaldı.
Elə hey gözlədim, eh… ara yerdə
Gözlərim yollarda avara qaldı.
Ürək xatirənə qəm torbasıdı,
Nahaq yırğaladım bu boş beşiyi…
Sən kimsən? Özüm də bilmirəm daha,
Heç nəyim, heç kimim, yoxsa, hər şeyim?
“Yaxşı ki varsan” dediyim
Günəş divar saatıdı göy üzündə-
Saat üçü vurur.
Nəylə ovudum könlümü?
Qarşıda gecə durur.
Heç bilmirəm kimin üçün
Bu dünyadan gen düşürəm.
Səhər durandan darıxıb
Axşama yorğun düşürəm.
Orda biri var deyirlər,
Hələ təzə bilmişəm ki,
Arzusu mənəm büsbütün.
İstəyirəm yaxınlaşım:
Darıxırsan?
Ölmüşəm ki?..
İstəmirəm,
Hamı getsin,
Qoy hamı yoxsa çıxsın.
Sinəm edam kürsüsüdü,
Ürək çarmıxa çıxsın.
…Ürəyimdə gizli-gizli
Tez-tez çəkilir adı.
“Yaxşı ki varsan” dediyim
Hardadı?