HƏLƏ VARIQ BİZ
Bölünüb cənuba, şimala, qərbə,
Qəlbimizdə bütöv yaşayan yurdum.
Sağalmır düşmənin vurduğu zərbə,
Yaralı qəlbimə oxşayan yurdum.
Ürək üzülsə də acı həsrətdən,
Titrəyə-tıtrəyə döyünür hələ.
Bizə oğul deyir anamız Vətən,
Baxıb boyumuza öyünür hələ.
Vətən öyündükcə boy-buxunumdan,
Boyumu lap yerə soxmağım gəlir.
Xəcalət hissiylə ötdükcə zaman,
Qəzəbim, nifrətim bağrımı dəlir.
Dərbənddən, Göyçədən qovdular bizi,
Borçalı, Qarabağ, Təbriz pay oldu.
Hər yerdən silinir xalqımın izi,
Min illik zəhmətim, haqqım zay oldu.
Doğma yurdumuzda qaçqına döndük,
Sığındıq bir ovuc yurdun içinə.
Babalardan qalan tonqaldıq, söndük,
Qorxunu kim səpdi mərdin içinə?
Tarixin önündə oğullar çəkir,
Məğlub ataların xəcalətini.
Sorğuya çəkəcək yurd bizi bir-bir,-
Qoruya bilmədik əmanətini,
Kükrəyək, görsünlər hələ varıq biz,
Hər qarış torpağım qayıdacaqdır.
Bir gün tükənəcək daşan səbrimiz,
Yatan ruhumuzu oyadacaqdır.
GƏTİRƏR
Dostu dosta imkanı yox,
Məhəbbət qovar gətirər.
Gəlişində ümman sevinc,
Üzündə bahar gətirər.
Giley də bir təsəllidir,
Hər kəsin işi bəllidir,
Könlüm sözlü-qəzəllidir,
Dindirsən qubar gətirər.
Qəm sevincə bir tələdir,
Dərd belimizdə şələdir,
Dünyanın işi belədir,
İstəsən tapar, gətirər.
Taledən ki, küsmək olmaz,
Ümidləri kəsmək olmaz,
Yerli-yersiz əsmək olmaz,
Qış küləyi qar gətirər.
Səbr verən çətən-çətən,
Qayıtmaz ömürdən itən,
Arzular könüldə bitən,
Yoldur, bir gün bar gətirər.