Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Yazıram sevgidən, yazıram eşqdən,
Sətirlər düzülür mirvari kimi.
Danışır elə bil qələmim səndən,
Sənsə gen qaçırsan fərari kimi.
Susub, dayanırsan qarşımda səssiz,
Gözlərin hər şeyi danışır amma.
Bu hissi ifadə eyləmək qəliz,
Sən bunu adi hiss, ötəri sanma…
Kölgənin ardınca boylanmışam mən,
Bəlkə, surətinə yetişim deyə,
Həsrət atəşinə odlanmışam mən,
Yetər ki, sevgimi bildirim sənə…
Viranə, xaraba qalıb qəlb evim,
Sənsizlik hökm edir, indi oraya,
Məhəbbət haqqında özgə nə deyim?!
Daha baş götürüb qaçım haraya?!
Nə yanımda yoxsan, nə də yadımda,
Sildim xatirəmdən sənin ismini.
Özüm öz-özümü aldadıram da…
Hər hara baxıram, görrəm əksini…