Səhərlər günəşi, axşamlar ayı, gecələr özünü varaqlayan şair
Deyirlər ki, sənətkarlar öz mühitinin övladıdır və sənətkarın böyüklüyü onu formalaşdıran mühitin böyüklüyü ilə ölçülür. Hüseyn Bağıroğlu Naxçıvan mühitinin övladıdır. Onun “Adam kölgəsinə səsləmə məni”, “Mən çiynimdən yerə qoydum dünyanı”, “Başımda qar olur, ayağımda yaz”, “Nə yaxşı göydədi hələ göy üzü” adlı şeirlər kitabları yayınlanıb. Şairin ölkəmizlə yanaşı, Türkiyə və İranda da dərc olunan kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb, şeirlərinə mahnılar bəstələnib. Təkcə doğulduğu Naxçıvanda deyil, “Azərbaycan ədəbiyyatında müasir milli şeirin bənzərsiz örnəklərini yaradan” ədəbiyyat aləmi haqqında (xarici ədəbiyyat da daxil olmaqla) dərin bilgilərə məxsus olan” Hüseyn Bağıroğluya ilk xeyir-duanı NaxçıvanYazıçılar Birliyinin sədri, mərhum Hüseyn İbrahimov verib, “Cavan şairin özünəməxsus dəst-xəttinin” olduğunu vurğulayıb: “Şeirlərini oxuyanda belə qənaətə gəlirsən ki, o, daim poetik axtarışlar aparır, oxucuya təzə söz deməyə çalışır”.
Hüseyn Bağıroğlu əsl söz adamıdır. Onun üçün şöz müqəddəsdir, söz dəyərdir.
Obrazları fərqli, leksik bazası zəngin, şeirlərinin mövzusu müxtəlif olan şairin poeziyasında aparıcı mövzu Vətən-yurd motivli şeirlərdir. O, bəzən Vətəni coşqun, təlatümlü, bəzənsə ən zərif və isti duyğularla təqdim edir:
Dağlarda düşmənə göz dağı – səngər,
Düzlərdə bir zərif çiçəkdi Vətən.
Və ya
Qızara-qızara bayrağa dönən,
Bir şəhid əynində köynəkdi Vətən.
Yaradıcılığında sözün dəyərinə dəyər qatan H.Bağıroğlu, vətənini sevən, ürəyi vətən eşqiylə çırpınan “vətən daşı”dır. Vətən onun üçün hər şeydən öncə gəlir.
Şairin 2015-ci ildə qələmə aldığı “Əldə qılınc süvar olub atlara, // Bir gün dönəcəyik biz o yurdlara”, – şeirində işaran ümidləri 10 noyabr 2020-ci ildə çiçəkləndi. Bağıroğlu, şanlı Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı Zəfər sevincini, vətən, yurd sevgisini, çiçəklənən arzularını “Nə yaxşı göydədi hələ göy üzü” adlı kitabında başdan-başa inikas etdirir. “Vətən”, “Azərbaycanım”, “Salam, əziz Şuşa”, “Azərbaycan-Türkiyə”, “Sənin baban”, “Azərbaycan əsgəri” və b. şeirlərdə doğma torpağa bağlılıq, Vətən övladlarının misilsiz qəhrəmanlığı, Böyük Zəfərimiz, vətən torpağının əsarətdən qurtuluşu, yenidən yazılan tariximiz yüksək poetik dillə nəzmə çəkilir. Arzuları gerçəkləşən, qazanılan zəfərdən vəcdə gələn, “Qarabağ əbədi Azərbaycandır” şeirində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məşhur “Qarabağ Azərbaycandır” sözlərini bütün qoca dünyanın bir də eşitməsini istəyən sair yazır:
Qoy bir də eşitsin bu qoca dünya:
Azərbaycan can içində bir candır,
Qarabağ əbədi Azərbaycandır.
44 günlük Vətən müharibəsində igid əsgərlərimiz səngərdə döyüşəndə, Hüseyn Bağıroğlu da boş durmur, dilində dualar, əlində qələm 30 il işğal altında qalan torpaqları xilas edən Azərbaycan əsgərinin igidliyini misralara köçürür:
Sənin alın yazında
Öldü var, döndü yoxdu.
Bu millətin yolunda
Yandı var, söndü yoxdu.
Sən gözümün qarası,
Sən gözümün ağısan.
Anam Azərbaycanın
Sönməyən çırağısan.
Adın dillər əzbəri,
Özün düşmən çəpəri.
Ey tarixin ilk əri,
Azərbaycan əsgəri.
Şairin “vətənsevərlik dərsi olan şeirlərinin düşmənlə təmas vəziyyətində olan əsgərlərimizlə birgə addımlaması”, şeirlərində “Vətən torpağını qara buludlardan qorumağın yolunu, yolağasını ifadə etməsi, Vətəni buludlardan yuxarı qaldırmağı tövsiyə etməsi” onun Vətənə gərəkli olmaq eşqi ilə alışıb-yanmasından yaranır. Peşəsindən asılı olmayaraq hər kəsə qoynunda doğulub böyüdüyü Vətənə xidmət etməyin, Vətənə “gərəkli” olmağın altını cızır:
Çiçək açsın deyə yurdda daş-kəsək,
Ürək məzarda da döyünsün gərək.
Gərəksiz adamın nəyinə gərək,
Gərəkli adama gərəkdi Vətən.
Bu şeirlər yazılmır, ilk öncə şairin ruhunda doğulur, misra-misra, söz-söz ruhdan qəlbə, qəlbdən isə misralara pıçıldanır.
Tənqidçi Vaqif Yusifli Hüseyn Bağıroğlunun şeirlərində “orijinal deyim tərzi, özünəməxsus ifadə çalarları olduğuna” diqqəti çəkir: “Hüseyn Bağıroğlunun şeirlərində orijinal deyim tərzi, özünəməxsus ifadə çalarları ilə qarşılaşırıq”…
Hüseyn Bağıroğlunun poeziyası fəlsəfi ağırlıqlıdır. Bunu diqqətə çəkən Yalçın Nadir, şairin “Mən dünyadan qabaqdayam” şeirini onun fəlsəfi düşüncələrinin təzahürü sayır, sözün qüdrətini, aktuallığını zaman, məkan anlayışının fövqündə görən şairin sözün özü ilə qürrələndiyinin altını cızır:
Nə məkanda, nə vaxtdayam,
Nəğmə kimi dodaqdayam…
Mən dünyadan qabaqdayam,
Dünya gəlib çatdı mənə.
Şairin eşqə yanaşması da özünəməxsus, “fərqli, bir o qədər də maraqlıdır”. “İlahi, sən bizə sevməyi öyrət” şeirində insan varlığını eşqə bağlayan şairin, “Tanrı da sevgisiz bədəni sevməz” adlı şeirində sufiyanə yanaşma duyulur. Bağıroğlu Tanrı dərgahına ucalmağın yolunu eşqdə görür. “Sevərək Allahlaşmaq” (Losev).
H.Bağıroğlunun kitablarının adları: “Adam kölgəsinə çağırma məni”, “Başımda qar olur, ayağımda yaz”, “Nə yaxşı göydədi hələ göy üzü” özü-özlüyündə bir şeirdir. Kitabların adları oxucunu düşündürür. Fəlsəfi düşüncələrə bürünən oxucu şairin şeirlərini oxuduqca, əslində, bu şeirlərin “həyat həqiqətlərinin bədii inikası” olduğunu anlayır. Necə ki, “fanidə fanidən fani” olduğunu anlayan şair, əbədi olanı soraqlayır:
Həvəsim yox özgələri ötməyə,
Mən yenə özümü qabaqlayıram.
Fanidə fanidən fani olsam da,
Əbədi olanı soraqlayıram.
Nə yaxşı göydədi hələ göy üzü,
Nə yaxşı udmayıb gecə gündüzü.
Səhərtək açılır qəlbimin gözü,
Nəfsimin gözünü torpaqlayıram.
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Müzəffər Zəfər “Nəfsinin gözünü torpaqlayan şairin” obrazını: “Braziliyalı yazıçı Paulo Coelonun “Kimyagər” əsərinin qəhrəmanında gördüyünü, kitabında özünün qələmə aldığı müdrik kəlamlarda Paulo Coelo nəfəsini hiss etdiyini, şairin bu müdrik fikirlərinin hər birində bir kitaba sığacaq qədər böyük hikmətlər gizləndiyini” vurğulayır: “Yer bədənimizi, göy ruhumuzu özünə çəkir, // Bizim ömrümüz isə bu çəkişmə bitənə qədərdir”. “Yeri-göyü sətir-sətir oxuyan” şairin şeirlərinin məkanı göylə yer arası deyil. Yerin üstü olduğu kimi, yerin altı da var: göy, yer və yerin altı. Ruhumuz göylərin, bədənimiz yerin payıdır. “Zərrələr”ində “Təkəbbürü mənəvi yoxsulluğun meyvəsi” sayan Hüseyn Bağıroğlunun yazdığı şeirlər “ruhunun və qəlbinin vəhdətindən” yaranan əsl poeziya nümunələridir.
Şeirlərində, şamanizm və təsəvvüf ədəbiyyatının çalarları sezilən Hüseyn Bağıroğlunun üzü göyədir. Üzü göylərə olan şairin şeirləri də “göy üzünə bənzəyir”. Göy üzü gecələr sirli və sehrli mənzərələri ilə baxanları ovsunladığı kimi, “göy adamı”nın şeirləri də oxucuları ovsunlayır.
Nə yaxşı göydədi hələ göy üzü,
Nə yaxşı udmayıb gecə gündüzü.
Səhərtək açılır qəlbimin gözü,
Nəfsimin gözünü torpaqlayıram.
Səhərlər Günəşi, axşamlar Ayı,
Gecələr özümü varaqlayıram.
“Gecələr özünü varaqlayan”, “Oxumaq istəsən, özünü oxu, // Yerin altın, göyün üzünü oxu”, – deyən şairin poeziyasını oxuyub ovsunlanmamaq, yerin, göyün hətta yerin altının sirlərinə baş vurmamaq mümkün deyil. Özünü “vaxtı qabaqlayan saat”a bənzədən, onda “yaşamağa hal qoymayan, dörd tərəfini dərdlə hörən” bəndələrdən yorulan Bağıroğlu “ilahi”yə üz tutur:
İlahi, görürsən bəndələrini
Məndə yaşamağa hal qoymadılar.
Dərdinən hördülər dörd tərəfimi
Bir yana çıxmağa yol qoymadılar.
Gah başım üstündən göyü aparır,
Gah ayağım altdan yeri çəkirlər.
Vaxtı qabaqlayan saat kimiyəm,
Gündə neçə dəfə geri çəkirlər.
Bağıroğlunun şeirləri vətənin, yurdun, bütövlükdə, dünyanın ağırlığını, ağrısını çiyninə alan, ürəyindən keçirib misralarda inikas etdirən bir insanın, “fikirlərə qərq olan”, “köhnə sözlərə yeni tale yazan” bir şairin taleyidir:
Fikirsiz ötən gün dərd olur, şair,
Çəkdiyim ahı da fikir aparır.
Yerdə fikirlərə qərq olur şair,
Göydə Allahı da fikir aparır.
Bağıroğlunun harada yaşamasından asılı olmayaraq fikri, xəyalı daim doğulub boya-başa çatdığı yurda, Naxçıvana, Nehrəmə bağlıdır. Doğulduğu torpağı vəsf edən şairin şeirləri Naxçıvan təbiətinin; “Nazlı balası Batabat”, “iman yeri Əshabi-kəhf”, sinəsinə dağ kimi çəkilən Araz, “Haçadağ”, “sirli Gəmiqaya” və s. gözəlliklərinin inikasıdır:
Haçadağ tacıdı, Araz güzgüsü,
Sirli Gəmiqaya qədim incisi.
Əyilməz vüqarı, polad süngüsü,
Yenilməz heç vədə yada Naxçıvan –
Turan ellərinə ata Naxçıvan.
Yaradıcılığında vətən, yurd sevgisi daha da möcüzələşən şairin, “Taletək alnına yazılan yurdu”nun vətən həsrəti, vətən sevgisi misralara hopub göyərir. Bu zaman şair nə Şuşanı, nə Ağdamı, bütövlükdə Qarabağı unutmur:
Şuşa bir nazlı diyar,
Nə könül, nə göz doyar,
Onu görən bəxtəvər,
Cənnəti gördüm deyər.
De, kim unutdu Ağdamı?!
De, kim Şuşadan əl çəkdi?!
Sənə kəc baxan gözlərə,
Mərd oğulların mil çəkdi!!!
Gözün aydın olsun, Vətən!!!
Anatol Fransa görə, “şeir yazmaq Allaha sitayiş, Allaha dua etmək kimi bir şeydir”. Hüseynin şeirləri də “Allaha sitayiş, Allaha dua etmək”, ilahi sözə sığınmaqdır. Allaha sitayış və dualarla hər zaman ilahi sözə sığınan Hüseyn Bağıroğlu dünyanın dərdini çəkəndə də, ağrıyanda da, heyrətlənəndə də ilahi sözü çağırır:
İlahi kəlməni sən çağır, gələr.
Demə söz, yoxsa ki, dağ ağır gələr.
Dünyanın özündən çox ağır gələr
Qoysaq tərəziyə bir varaq sözü.
Bu sözə sığınmada, sözlə dərdləşmədə şairin ruhundan süzülüb gələn şeirlərin hər biri bir doğuluşdur.
Bağıroğlu üçün ilahi söz sirdir, sehrdir, hünərdir, qılıncdır, yeri gəldiyində sığaldır, səfqətdir, “şair ruhunun bir halını əks etdirən güzgüdür. Şair mənən nə qədər saf və zəngin olarsa, şeir də bir o qədər zəngin olacaq”. Söhbət əsl şeirdən, möcüzə sözdən, H.Bağıroğlu sözündən, onun “Göylərin qapısını, “Ah” ilə döyən şeirindən gedir: “Göyün tağları kimidi, Ulduzları öpər sözüm” “Şairin şeirlərində özü ilə sözü qovuşur, möcüzə baş verir: yəni həqiqi şeir doğulur”.
Onda mələklərin dodağındaydı,
Onda yer üzünə enməmişdi söz
Ömrünün ilahi nur çağındaydı
Qarğışa, söyüşə dönməmişdi söz.
Onda yer üzünə enməmişdi söz.
Şair əmindir ki, “zamanın sınağından çıxan şeirə zaval yoxdur…”. “Zamanın sınağından çıxan şeirə zaval olmadığı” kimi, şeirləri zamanın sınağından çıxan şeirlərin müəllifinə də ölüm yoxdur. H.Bağıroğlunun “Şairlər nə zaman doğulur, nə zaman ölür? – sualına verdiyi cavab da belədir: “Şairlər hər zaman doğulur və heç bir zaman ölmür”.
Mənbə: https://edebiyyatqazeti.az/