Mən də bir insanam, mən də canlıyam,
Mənim də qəlbimin arzuları var.
Deyirlər arabir dəliqanlıyam.
Çox da deyinməsin dalımca əğyar!
Mənim də qəlbiınin arzuları var…
Mən səni sevmədim “o gözlər” deyə,
Gözümdən od kimi yaşlar tökmədim.
Mən sənə vermədim qızıl hədiyyə,
Çünki yalvarmadım və diz çökmədim;
Gözümdən od kimi yaşlar tökmədim.
Sən Xumar deyilsən, mən də ki, Sənan,
Bugünkü sevginin başqadır andı.
Nə Məcnun, nə Leyli, nə də biyaban
Qalmamış, onların adı yaşandı;
Bu günkü sevginin başqadır andı.
Qoy bizə gülməsin nə dost, nə də yad,
Ehtiyatlı danış, ehtiyatlı dur!..
Nə qədər mən sağam, get dolan azad!
Fəqət sevgilimdən xahişim budur:
Ehtiyatlı danış! Ehtiyatlı dur!..
Haydı, insanlara qaynayıb qarış
Qalma bu dünyada həyatdan iraq!
İstəsən aləmi gəz qarış-qarış,
Xain adamları tez görüb buraq,
Qalma bu dünyada həyatdan iraq!
Hüsnünü örtməsin nə pərdə, nə rəng –
Ay kimi saf dolan, gün kimi açıq.
Keçmişin üstünə qələm çəkərək,
Vuruş meydanında vuruşmağa çıx,
Ay kimi saf dolan, gün kimi açıq!
Bu son sozlərimi qulağından as!
Dünyada, hər günün bir hökmü vardır.
Vaxtını almasın nə toy, nə də yas,
Gurlayan səsinlə “irəli!” hayqır;
Dünyada hər günün bir hökmü vardır.