Biri dedi, gül-çiçək,
Boya şairiyəm mən.
Biri dedi, daş-kəsək,
Qaya şairiyəm mən.
Duyub, tutmadan xəbər,
Uydurub axşam-səhər,
Biri dedi, çal-şəpər,
Paya şairiyəm mən.
Göydə yersiz yanmadım,
Yeri göysüz sanmadım.
Odda suyu danmadım,
Dərya şairiyəm mən.
Sevinci coşub-daşan,
Qayğısı başdan aşan,
Dünyayla dünyalaşan,
Dünya şairiyəm mən.