Bəxtiyar balalar, oynayın, gülün
Xalqın sevincidir gülüşləriniz.
Bir də qaşlarınız çatılmayacaq,
Durmuşuq ağ günün keşiyində biz.
Körpə fidanları becərməsəydi,
Bağban bağ üzünə həsrət qalardı.
Uşaqlar, cavanlar yetişməsəydi,
Yəqin ki, insanlıq tez qocalardı …
Yeni dünya qurdu ata-babanız –
Bu sözün mənası dərindir, dərin!
Çox var-dövlət qoydu… sabah yəqin ki,
Sahibi sizsiniz bu nemətlərin!
Dünya bir evdirsə, övlad işıqdır,
Oğul arxadırsa, qız yaraşıqdır.
Oxumaq, öyrənmək, yaratmaq olsun,
Hər an vəzifəniz, hər an işiniz.
Sizə biz keşikçi olduqca bu gün,
Sabah siz özünüz keşikçisiniz!
Gedin, mətin olsun addımlarınız,
Hər saat irəli, hər gün irəli!
Günəşi lap erkən salamlayacaq,
Qızaran səhərin keşikçiləri!…