Arzu HÜSEYN.Yeni şeirlər (XI hissə)

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

Adamlardan dağ olmadı,
Bilmədim kimə yaslanım,
Gəlib ağaca söykəndim,
Ağac məni saxladı.

Bulaq oldum dum-duru,
Dedilər bulanıqdı.
Süzüldüm, daşdan süzüldüm,
Süzüldüm, qumdan süzüldüm.
Torpaq mənə inandı,
Adamlar inanmadı.

Nə illahdı bilmirəm,
Tapılmır çəmim, yönüm.
Yollar da o yol deyil ,
Gedəsən gün doğana.
Elə mat-mat baxıram
Əllərimə, ilahi.
Əllərim qanad deyil,
Ah, kaş ki qanad ola…