“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

* * *

Ürəyini dinlədin,
Neylək?!
Nə deyir, olsun.
Mən də başımı qataram.
Qoy unutmaq müddətim
Bir-iki şeir olsun.
Məndən nigaran olma,
Gör nə vaxtdı ölmürəm,
Yaşayıram bir təhər.
Bütün çıxıb gedənləri
Unutmaq vərdişim var.
Vəfasızam, bilirsən,
Mən də səndən beş betər.
Ürəyini dinlədin,
Neylək?
Nə deyir, olsun.
Bundan yaxşı təsəlli?:
“Hər işdə bir xeyir var,
İlahi, xeyir olsun”.

* * *

Yaxşı ki varsan” dediyim
Günəş divar saatıdı göy üzündə-
Saat üçü vurur.
Nəylə ovudum könlümü?
Qarşıda gecə durur.
Heç bilmirəm kimin üçün
Bu dünyadan gen düşürəm.
Səhər durandan darıxıb
Axşama yorğun düşürəm.
Orda biri var deyirlər,
Hələ təzə bilmişəm ki,
Arzusu mənəm büsbütün.
İstəyirəm yaxınlaşım:
Darıxırsan?
Ölmüşəm ki?..
İstəmirəm,
Hamı getsin,
Qoy hamı yoxsa çıxsın.
Sinəm edam kürsüsüdü,
Ürək çarmıxa çıxsın.
…Ürəyimdə gizli-gizli
Tez-tez çəkilir adı.
“Yaxşı ki varsan” dediyim
Hardadı?