“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

Hər şey yoluna düşür,
Öyrəşirəm təkliyə.
Nə sənə əl uzadıram,
Nə Tanrıya – əllərimdən çək deyə.
Hər şey yoluna düşür,
Səhər-axşam darıxmaq da
Vərdiş halına düşür.
…Gözlərimdən axıb getdi,
Ürək bir ovuc su idi.
Amma hələ düşünürəm:
Yarım qaldı,
Ya tamamı bu idi?..

Sonra
Səssizlik çökər gözlərinə.
Kipriyindən asdığın
Yaş da quruyar,
Əllərin qoynundan yarıyar.
Gözəl-göyçək ümidlərlə
Aranı vuran tapılmaz.
Hər yerin elə ağrıyar,
Bir dənə yaran tapılmaz.
Susarsan,
Elə susarsan,
Bircə gözlərin səs edər…
İlahi, nə çox düşündün?
Mənə ölüm də bəs edər.