(MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik)
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu günün əsası 33 il öncə, o zamankı SSRİ – İran sərhəddinin, başqa sözlə, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın Güneyini ayıran sərhəddin dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan xalqımızın cəsur övladları Arazın hər iki qıyısı boyunca sərhəddə yürüyərək, Quzey və Güney arasındakı sərhəd dirəklərini yıxıb, birləşmək şüarı ilə həftələrlə (gecə-gündüz) Araz qırağında aksiya keçirmişdi. Aksiya sözü burda bəlkə bir qədər sönük qalır, əslində, o, bir unikal hadisəydi. O hadisə azərbaycanlıların yetkin bir millət olduğunu ümumdünya çapında canlandırır, Azərbaycanın parçalanmışlığını və bütövlük istəyini nümayiş etdirirdi. Həmrəylik Günü bu birləşmək istəyinin simvolik nişanıdır.
İki il öncə isə biz həmrəyliyin ikinci zirvəsini yaşadıq. Bu dəfə dövlət-xalq, ordu-xalq birliyi, ümumvətəndaş və Dünya azərbaycanlılarının güclü həmrəyliyinə şahid olduq. Heç şübhə yoxdur ki, belə bir həmrəylik potensialı, əzmi, iradəsi yenə mövcuddur. Qızıl alma ülküsü kimi, milli həmrəylik də həmişə mövcud olacaq. O bizi gərəkən anda gərən istiqamətdə gərəkən hədəfə götürəcəkdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 24 dekabrda – öz adgünündə Qərbi Azərbaycan İcmasının qərargahında ziyalılarla görüşdə verdiyi ismarıclar həmrəyliyimizin (necə deyərlər) növbəti mövzusunu, hədəfini müəyyənləşdirmiş oldu.
Bəli, 1991-ci ilin 16 dekabrında, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Ümummilli liderimiz Heydər Əliyev Dünya azərbaycanlılarının birliyini yaratmağın önəmini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və az sonra bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd etməyə başladı.
Ümummilli liderin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev öz müdrik rəhbərliyi, təmkini, uzaqgörənliyi ilə milli həmrəyliyimizi bir daha zirvəyə qaldırdı və yeni zirvələrə sarsılmaz inam yaratdı. “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən İlham Əliyev dünya azərbaycanlılarının gözbəbəyi olan Azərbaycan Respublikasının rəhbəri olmaqla yanaşı bütün dünya azərbaycanlılarının lideridir.
Müstəqil Azərbaycan Respublikası Dünya azərbaycanlılarının cazibə mərkəzi, ümid yeri, ürək daşı, inam ocağı, qürur ünvanıdır. 44 günlük müharibədə qazandığımız tarixi Zəfər azərbaycanlıların həmrəyliyini təcəssüm etdirməklə yanaşı, özü bir dəyərə, istinadgaha, mənəvi qalaya çevrilib.
Dünyanın dörd tərəfində milyonlarla həmvətənimiz, soydaşımız yaşayır, işləyir, oxuyur; onların milli-mənəvi varlığını yaşadan güclü Azərbaycan dövləti var. Dünya azərbaycanlılarının birliyi ideyasının əsasını, həmrəyliyin mahiyyətini də məhz müstəqil Azərbaycan dövlətçiliyinə, doğma dilimizə, milli-mənəvi varlığımıza, adət-ənənələrimizə, eyni zamanda bəşəri dəyərlərə sayğı, vurğulanan kateqoriyalardan olan bütün dəyərlərin qorunmasına, zənginləşdirilməsinə yüksək qayğı təşkil edir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi, bu həmrəyliyin özü, necə deyərlər, həyata keçirilməsi, davam və inkişaf etdirilməsi də Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Dünya azərbaycanlılarının təşkilatlanması prosesini daim xüsusi diqqətdə saxlayan Ümummilli lider xalqımızın birliyinə, ideoloji həmrəyliyinə nail olmaqla öz tarixi xidmətlərinə daha bir böyük hadisəni əlavə etmiş oldu. Dünya azərbaycanlılarının milli birliyinin banisi, müdrik təbliğatçısı və qüdrətli təşkilatçısı olan Heydər Əliyev xarici ölkələrə istənilən səfərində (sıx qrafikli proqramlarına baxmayaraq), həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə vaxt ayırır, onların qayğıları, istəkləri ilə yaxından tanış olur, mütəşəkkil birlikləri, təşkilatlanmaları üçün dəyərli məsləhətlər, tövsiyyələr verirdi.
“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”! – Ümummilli liderin bu undulmaz sözləri deyildiyi andan həmvətənlərimiz üçün milli qürur rəmzinə çevrilib.
Dövlətimizin diaspor siyasətinin yeni inkişaf mərhələsindən danışarkən, Dünya Azərbaycanlılarının I Qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 18 dekabr 2008-ci ildə Bakıda keçirilmiş ilk toplantısı, həmin toplantıda “Dünya Azərbaycanlılarının Xartiyası”nın qəbulu birliyimizin güclənməsi, tarixi Vətənlə bağlantıların möhkəmlənməsi, diaspor potensialının önəmli amilə çevrilməsini göstərdi.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bizim birlik şüarımızın rəmzi günüdür. Bu bayram dünyanın dörd tərəfində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə bağlantılar qurmaq, Dünya azərbaycanlıları arasında birlik və həmrəylik yaratmaq işində önəmli rola malikdir. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram edilməsi bütün soydaşlarımız, həmvətənlərimiz tərəfindən – ürəyi Azərbaycanla döyünən hər kəs tərəfindən bir mənəvi ehtiyaca, zərurətə çevrilib. Həmrəylik Günü Azərbaycan diasporu üçün ən önəmli bayrama çevrilib.
Ümummilli lider Heydər Əliyev deyirdi: “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.
Azərbaycanda Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi ənənəsinin təməlini də məhz Ümummilli lider Heydər Əliyev qoyub. 2001-ci ildə Ümummilli liderin təşəbbüsü, dəstəyi ilə Bakıda ilk dəfə Dünya azərbaycanlılarının təmsilçiləri bir araya gəldi, Qurultayda yaddaqalan müzakirələr aparıldı. I Qurultaydan sonra Dünya azərbaycanlılarının təşkilatlanması üçün yeni münbit ortam yarandı. Bir il sonra – 2002-ci ildə Ümummilli liderin təşəbbüsü ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi – indiki adı ilə desək Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Yaxın-uzaq coğrafiyalarda, dünyanın dörd bir yanında həmvətənlərimiz öz diaspor qurumlarını yaradıb. Bu qurumların bir çoxu uğurlu çalışmaları ilə seçilir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti bir neçə dəfə diaspor liderlərini, fəallarını dövlət təltifləri ilə mükafatlandırmışdır. Bu il Şuşada Dünya Azərbaycanlılarının Zəfər Qurultayı keçirildi və bu faktın özü, Azərbaycan Prezidentinin tarixi nitqi, Şuşada verilən ismarıclar ötən illərdə keçilmiş yolu qiymətləndirmək, yeni hədəflərə doğru yol xəritəsini müəyyənləşdirməkçün çox önəmli oldu.
Dünyanın dörd bir tərəfində yaşayan həmvətənlərimizlə əlaqələrin genişləndirilməsini dövlət siyasətinin önəmli istiqamətini təşkil edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf ortamında diaspor quruculuğu sahəsində çağdaş dönəmin çağırışları ilə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçımız xaricdə yaşayan hər bir həmvətənimizin, soydaşımızın maraq- mənafeyinin qorunmasını müstəqil Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Prezidentin bu yöndə ortaya qoyduğu siyasi iradə, nümayiş etdirdiyi qətiyyət respublikamızın hüdudlarından qıraqda yaşayan həmvətənlərimizdə, soydaşlarımızda milli ruhun yüksəlməsi, onların bir ideya ətrafında səfərbər olması baxımından böyük xidmətdir.
Taleyin hökmü ilə öz doğma vətənindən qıraqda, ayrı-ayrı xarici ölkələrdə məskunlaşmış azərbaycanlıların (necə deyərlər) diaspordan lobbiyə çevrilməsi siyasəti Prezident İlham Əliyevin adı ilə sıx bağlıdır. Prezidentin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 08 fevral 2006-cı il tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən qurultay xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi yönündə yeni addım oldu. Bununla da, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işində önəmli mərhələ başladı.
Ayrıca, “Bir millət, iki dövlət” kəlamına əsaslanan prinsipial addımlar da, Azərbaycan, Türk diaspor qurumlarının çalışmalarının əsasını təşkil etdi. 09 mart 2007-ci ildə paytaxt Bakıda keçirilən “Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumu” bütün türksoylu xalqların həyatında önəmli hadisəyə çevrildi, Prezident İlham Əliyevin Türk dünyasının birliyinə verdiyi önəmin parlaq təcallası oldu.
Həmvətənlərimiz müstəqil Azərbaycan dövlətinin düzgün yanaşması və dəstəyi sayəsində qardaş, dost xalqların lobbi və diasporları ilə səmərəli işbirliyi içindədir. Dünya azərbaycanlılarının nümayiş etdirdiyi qardaşlıq, dostluq, humanizm və etibarlı davranış ömrü qürbətdə keçmiş əcdadımızın ruhunu şad edir, gələcək nəsillərə örnək olur.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birlik, doğma Vətənə dərin məhəbbət, milli-mənəvi dəyərlərimizə bağlılıq kimi ülvi hissləri təcəssüm etdirir. Biz çox şadıq ki, Dünya azərbaycanlıları yaşadıqları ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında getdikcə daha fəal rol oynayır, doğma Azərbaycanla bağlantıların genişlənməsinə özünəxas töhfələr verir. Bu iş, zəngin mədəni irsimizin təbliğində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, erməni lobbi dairələrinin ədalətsizliklərinə, ideoloji-siyasi təxribatlarının qarşısının alınmasında özünü ifadə edir. Biz bunun dəfələrlə şahidi olmuşuq. Özəlliklə, 2020-ci ilin Tovuz döyüşləri və 44 günlük müharibə vaxtı Dünya azərbaycanlılarının qətiyyətli duruşu bizə qürur yaşatdı.
DÖVLƏTİMİZ VAR OLSUN!