Türkiyənin ən qədim yaşayış məskənlərindən olan Anadolu torpaqları əvəzsiz tarixi zənginliyi ilə diqqət çəkir. Ötən il zəngin coğrafiyaya malik bu diyarda 713 sayda arxeoloji qazıntı aparılıb və 10 min 500-ə yaxın tarixi əsər aşkar edilib.

AZƏRTAC xəbər verir ki, son iki əsrdə Anadoluda bəşəriyyətin mədəni irsini işıqlandırmaq üçün arxeoloji tədqiqatlar aparılıb və ölkə daxilində araşdırmalar bu gün də davam edir. 2022-ci ildə ən çox arxeoloji qazıntı işləri Egey və Aralıq dənizini birləşdirən və 8 min illik tarixə malik olan Muğlada həyata keçirilib. Muğladan sonra Egeyin incisi İzmir fərqlənib.

Türkiyənin cənub-qərbində yerləşən Dənizli şəhəri diqqət çəkir. Buradakı Laodikya, e.ə. 1-ci əsrdə Anadolu coğrafiyasının ən əhəmiyyətli və məşhur məkanlarından biri olub. Laodikiya Qərb Teatrı bərpa edilərək yenidən mədəni tədbirlərə ev sahibliyi etməyə başlayıb.

1979-cu ildən etibarən hər il ənənəvi olaraq Dənizli şəhərində beynəlxalq simpozium keçirilir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Pamukkale Universiteti və Dənizli Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə yerli və xarici arxeoloqlar, alimlər və tələbələr iştirak edirlər.

2023-cü ildə Türkiyənin tarixi zənginliyini gələcək nəsillərə ötürmək məqsədilə təxminən 750 arxeoloji qazıntının həyata keçirilməsi planlaşdırılır.

Mənbə: https://azertag.az